Avropa Birliyini Şimali İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirmək istədiyi müstəqillik referendumu narahat edir. Referendumu təktərəfli addım olaraq görən Avropa Birliyi Ərbilin bu addımdan qaçmaq lazım olduğunu düşünür.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə komissarı Federiko Moqerini bəyan edib.
Bəyanatda qeyd edilib ki, AB İraqın birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini ifadə edir:
“Referendum kimi tək tərəfli tədbirlər məqsədə zərərli addımdır və bundan qaçmaq lazımdır”, - Moqerini bəyanatında bildirib.
Şimali İraq Kürd Muxtariyyəti və İraq hökuməti arasında həll edilməsi lazım olan problemlərin olduğunu qeyd edən Moqerini tərəfləri konstruktiv dialoqa çağırıb.
Komissar tərəflərin anlaşacağı həllin İraq konstitusiyasının maddələri əsasında ola biləcəyini qeyd edib.