7 Mart 2018 09:45
3 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nasist Almaniyası zamanı Klaus Barbi Fransada həyata keçirdiyi qorxunc cinayət və işgəncələrlə “Lion qəssabı” ləqəbi ilə tanınırdı. Nasist rejiminin süqutundan sonra yoxa çıxan Klausun sonrakı taleyi hər kəsi maraqlandırırdı. Ancaq uzun illər heç kim onun öldüyü və ya sağ qaldığı barədə məlumat ala bilmirdi.

Teleqraf.com Hitler Almaniyasından sonra qurulan alman federel kəşfiyyat xidməti - BND (almanca Bundesnachrichtendienst – red.) üçün casusluq edən “Lion qəssabı”nın dosyesini təqdim edir.

Almaniya xarici kəşfiyyat xidmətində Vilhelm Holm olaraq tanınan bu şəxs kəşfiyyat dünyasında qaranlıq simalardan biridir. “Tipper” kod adlı bu agent alman biznesmen görünüşü ilə diqqəti cəlb edirdi. Holm dünya ölkələrinə çərçivəsində agent olduğuna inandığı insanlar haqqında informasiyanı Münhen yaxınlığında BND-in əsas qərargahına ötürürdü. 1965-ci ildə Boliviyanın paytaxtı La Pasda 4 həftə vaxt keçirdikdən sonra o, iki önəmli özəlliyi olan Klaus Altmann adlı almana maraq göstərdi. Altmann vətənsevər və kommunizmə qarşı idi. Bundan iki həftə sonra BND Altmandan gizli agent olaraq istifadə etməyə başladı. Ona “Qartal” adı verildi. Altmann V43118 kod adı ilə qeydiyyata götürüldü. Əslində isə Boliviya paytaxtında Klaus Altmann adından istifadə edərək həyatını davam etdirən bu şəxs nasist rejimi dövründə törətdiyi qətliamlar səbəbindən “Lion qəssabı” ləqəbi alan Klaus Barbi idi. O, Fransa məhkəməsi tərəfindən qiyabi ölümə məhkum edilmişdi. BND isə Altmann adından istifadə edən Barbini casusluğa cəlb edərkən, onun haqqında bütün informasiyalara malik idi.

Casusluqdan əvvəlki işgəncələri

1913-cü ildə doğulan Klaus Barbinin ən dəhşətli əməli Termius Hotelində həyata keçidiyi qətliamıdır. O, Termius otelinin ikinci mərtəbəsində qadın, uşaq və kişiləri işgəncələrə məruz qoymuşdu. Onlar işgəncəyə məruz qalarkən Barbi səssizcə bu duruma gülümsəyirdi. Eyni zamanda Fransa Müqavimət Hərəkatının önəmli şəxslərindən olan Jan Moulinin qol, ayaq və qabırğalarının sındırılması da Barbinin əməli idi. Bu işgəncədən sonra Moulin vəfat etmişdi. 40 min insanın ölüm əmrini verən Barbi Lion yaxınlığında yaşayan yəhudi uşaqları deportasiya etmək əmrini verərək, onları ölüm düşərgəsinə göndərmişdi.

Müharibədən sonra

Hitler rejimi süqut etdikdən sonra Boliviyaya qaçan və orada özünə yeni həyat quran Klaus Barbinin alman kəşfiyyatına işlədiyi şübhəsi hər zaman mövcud olub. Bu şübhələr “Şpigel”in BND qovluqlarını araşdırmasından sonra fakta çevrilib.

Bu dosyelərə görə, SS-dən sonra BND-yə casusluq edən Barbinin aylıq maaşı 500 alman markası olub. O, ilk maaşını 1966-cı ildə alıb. BND ona maaşdan əlavə pullar da göndərib. Ödəmələr isə San-Fransisko, London Kartered Bankında açılan hesab vasitəsilə həyata keçirilib. BND arxivlərindəki səndələrə görə, Lion qəssabı onlara ən azı 35 hesabat təqdim edib. Ancaq bir müddətdən sonra BND anlayıb ki, Barbinin casusluğu təşkilat üçün ciddi risklər yaradır. Şərqi Almaniyanın “Ştazi” kəşfiyyatı və SSRİ KQB-si Barbinin nasistlərlə əlaqəsini araşdırması BND rəhbərliyini mümkün təhlükəsizlik riskləri haqqında düşünməyə sövq edib. Barbi 1966-cı ildə Boliviyadan Madridə səfər edərkən, müəyyən qədər maliyyə xərcləməli oldu. Bu dövrdə hökumət BND-nin büdcəsini əhəmiyyətli şəkildə azaltmışdı. Bu zaman Solinger kod adlı casus “Lion qəssabı”na onun adının Latın Amerikasındakı casuslar siyahısından çıxarıldığını bildirir. Barbiyə susması müqabilində 10 min marka ödənilir.

BND informasiyanı gizlətdi

Artıq Barbi BND kəşfiyyat xidmətinin casusu deyildi. Ancaq Qərbi Almaniya kəşfiyyat xidməti axtarışda olan qatil haqqında yerli məhkəmə və prokurorluğa heç bir informasiya vermədi. Əksinə, bu informasiyaları gizlətməyi üstün tutdu. Beləcə, Barbinin kimliyi 1972-ci ilə qədər gizli qaldı. Ancaq nasist ovçuları kimi ad çıxaran jurnalistlər Beate və Serge Klarsfeld Klaus Barbinin izinə düşə bildilər. Onların araşdırmasından sonra “Lion qəssabı”nın kim olduğu ortaya çıxdı. Bundan sonra Fransa dövləti Boliviya hökumətindən Barbinin ona təslim edilməsini tələb etdi. Ancaq Boliviya bu tələbi rədd etdi. Beləcə, iki ölkə arasında Barbi çəkişməsi illərlə davam etdi. Ancaq 1983-cü ildə Boliviya hökuməti Barbini Fransaya ekstradisiya etdi. Fransada SS-in zabiti insanlığa qarşı cinayətlər işlətməkdə ittiham olundu və ömürlük həbsə göndərildi. Artıq qoca casus yaşamaqda maraqlı deyildi və bilirdi ki, Fransa həbsxanasından canını qurtara bilməyəcək. O, 1991-ci ildə həbsdə vəfat etdi.

Amerika “Lion qəssabı”ndan istifadə edib

ABŞ Barbi haqqında geniş kəşfiyyat məlumatlarına sahib olub. Ancaq bu informasiyalar üzərində məxfilik saxlanıldığı üçün heç kim bu barədə məlumatlı olmayıb. 30 il əvvəl bu sənədlər üzərindən məxfilik qrifi götürülüb. Bu zaman bəlli olub ki, vaxtilə ABŞ ordusu daxilində kəşfiyyat şöbəsi olan CİC II Dünya müharibəsindən sonra Barbini əməkdaşlığa götürüb və onu Fransanın axtarışlarından qoruyub. 1951-ci ildə ABŞ Barbinin Boliviyaya qaçmasına köməklik göstərib və bu informasiyalar da məxfi saxlanılıb. Bütün bunlar üzə çıxdıqdan sonra isə rəsmi Vaşinqton Parisdən üzr istəmək məcburiyyətində qalıb. ABŞ kəşfiyyatına görə, BND Vilhelm Holmdan aldığı bilgilərdın sonra Barbi ilə işləməyə qərar verib. Sözsüz ki, həmin dövrdə Almaniya kəşfiyyat xidmətində çalışan keçmiş SS və Gestapo zabitləri Barbinin kim olduğunu dəqiq bilirdilər. Şərqi Almaniya üzrə mütəxəssis və keçmiş SS zabiti Emil Ausburq Barbi ilə CİC-də birgə işləmişdi. BND-yə yaxın bəzi təşkilatlar isə Barbinin Boliviyaya qaçana qədər Bavariyanın Ausburq şəhərində yaşadığını bilirdi. Hətta BND arxivindəki sənədlərdən aydın olur ki, 1964-cü ildə Barbinin La Pasda məskunlaşdığı bildirilir.

Qəribədir ki, Barbi Boliviya paytaxtında xanımı ilə birgə yaşadığı dövrdə Qərbi Almaniyanın Münhen şəhərindəki Boehrinq dərman fabrikini dərmanla təmin edən L Estrella adlı şirkəti idarə edib.

“Lion qəssabı” aman kəşfiyyatına informasiyanı necə çatdırıb?

Məlumata görə, 1965-ci ilin noyabrında Vilhelm Holm Barbini La Pasda ziyarət edib və ona Hamburq firması üçün agent axtarıldığını deyib. Holm Barbidən bu məsələ ilə maraqlanıb-maraqlanmadığını soruşub. Barbi Holma inanaraq, bu təklifi qəbul edib. BND-nin arxiv məlumatlarına görə, Holm hər gün La Pasdakı Alman klubunda Barbi və ailəsi ilə şam edirmiş. Lakin Altmann adından istifadə edən Barbi əsl adını Vilhelm Holmdan gizlədirdi. Holm düşünürdü ki, Altmann 1950-ci ildə Şərqi Almaniyadan qaçıb. Lakin Holm Barbinin siyasi dünyagörüşünü qısa zamanda anlaya bildi. Buna səbəb isə Altmannın La Pasdakı Alman klubu üzvlüyündən yəhudiləri necə çıxarmasından bəhs etməsi olub. BND isə keçmiş SS zabitini dərhal casusluğa cəlb edib. Çünki alman kəşfiyyatını Barbinin Boliviya daxili işlər naziri və onun köməkçisi, habelə La Pas bələdiyyəsi və kəşfiyyat agentlərinin rəhbərləri ilə yaxşı əlaqələrə malik olması maraqlandırıb. 1966-cı ildə Barbinin müəllimi olan “Solinger” ləqəbli agent Santyaqoya səfər edir. Barbi mühüm informasiyaları sənaye-iqtisadi xəbərlər adı altında Solingerə göndərməyə razılaşır. Beləcə, Barbi əldə etdiyi informasiyaları kağıza köçürərək, Qərbi Almaniyadakı müəlliminə göndərir. Müəllimi də bu informasiyaları açmadan Hamburqdakı poçt qutusu vasitəsilə BND-yə istiqamətləndirir. Barbi BND tərəfindən casusluğa cəlb edildikdən az sonra mərkəzi ofisi Bonnda yerləşən Merex AG firmasının Boliviya nümayəndəliyinin rəhbəri vəzifəsinə gətirilir. Bu firma BND-nin himayəsi altında bir sıra ölkələrə hərbi ləvazimatlar satırdı. Barbinin işi BND rəhbərliyini razı salırdı. BND V 43118 kod adlı Barbini “zəkalı, anlayışlı, duyumlu, və etibarlı” casus kimi xarakterizə edirdi. Ancaq Fransa, SSRİ, Şərqi Almaniya kəşfiyyatı, habelə yəhudi qurumları keçmiş SS zabiti ilə maraqlandığı üçün BND casus Klaus Barbidən imtina etməyə məcbur olur.


Müəllif: Cavad

Oxşar xəbərlər