Son dövrlər İŞİD terror təşkilatına ölümcül zərbələrin vurulmasından sonra Əl-Qaidə terror təşkilatının yenidən güclənəcəyi, hətta təşkilatın başına 28 yaşlı Həmzə Bin Ladenin keçəcəyi haqda iddialar səsləndirilir.
Teleqraf.com xəbər verir ki, 28 yaşlı Həmzə Bin Laden Əl-Qaidənin xüsusi əməliyyatla Pakistanda öldürdüyü lideri Üsamə Bin Ladenin oğludur.
Hələ 2017-ci ildə İngiltərə mətbuatı İŞİD-in tədricən zəifləyəcəyi, bununla paralel olaraq Əl-Qaidənin tədricən gücləncəyi, Həmzə Bin Ladenin bu qurumun rəhbərliyinə keçəcəyi haqda informasiyalar səsləndirirdi.
Qeyd edək ki, 2016-cı ildə Həmzə Bin Laden tərəfindən yayılan səs yazısında Səudiyyə Ərəbistanına istiqamətli sərt mesajlar verilib, hətta bu ölkədə terror hücumlarına dair çağırışlar edilib.
Həmzə Bin Laden tərəfindən yayımlanan ikinci səsli mesajda isə Səudiyyə Ərəbistanı qurucusu Əbdüləziz bin Rəhman əl Səudu “ingilis casusu” olmaqda ittiham edib.
O da qeyd edilir ki, Həmzə Bin Ladenin yaxın illərdə çəkilən hər hansı bir fotosu yoxdur.
Amerikalı diplomat Ali Soufan hələ bir müddət əvvəl mediaya açıqlamasında deyib ki, Həmzə Bin Laden uşaqlıq zamanından atasının yerinə keçəcək potensial lider olaraq görülüb:
“Həmzə Bin Laden daima deyir ki, atamın intiqamını alacağam”.
Qeyd edək ki, hazırda Həmzə Bin Laden ABŞ Dövlət Departamentinin terrorçular siyahısına salınıb.
Həmzə Bin Laden 22 yaşında olduğu zaman yazdığı məktublarda atası Usamə Bin Ladenin intiqamını almaq istədiyini dəfələrlə vurğulayıb.
Hazırda oğul Bin Ladenin harada olduğu və hansı işlə məşğul olduğu haqda konkret informasiya mövcud deyil.