Səudiyyə Ərəbistanında bir sıra islahatla gündəmə gələn vəliəhd şahzadə Məhəmməd ibn Salman ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl Amerika mətbuatına müsahibəsində Səudiyyə qadınlarının hüquqları və niqabla bağlı mesajlar verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Məhəmməd ibn Salmanın fikrincə, ərəb qadınlarının necə düzgün və ədəbli libas geyinmələri üçün qərar onların öz ixtiyarına buraxılıb.
“Şəriətə əsaslanan qaydalar çox aydındır: qadınlar da kişilər kimi ədəblə geyinməlidir. Bu, xüsusi olaraq qara çarşab və ya hicab mənasına gəlmir”, - deyə Məhəmməd ibn Salman bildirib.
Onun sözlərinə görə, qadınlarla kişilər eyni hüquqa malikdir: “Hamımız insanıq. Aramızda heç bir fərq yoxdur”.
Xatırladaq ki, vəliəhd qadınların avtomobildən istifadə etməsi, stadion və konsertlərə getməsi üçün hüquqlarını tanıyıb. 8 Mart Beynəlxalq Qadınlar Günündə Ciddə şəhərində qadınların qaçışı üçün marafon təşkil edib.