ABŞ və Türkiyə arasında “F-35” qırıcıları ilə bağlı razılaşma əldə edildi. Halbuki bir müddət əvvəl ABŞ Konqresində Türkiyəyə “F-35” təyyarələrinin satışına veto qoyulacağı müzakirəyə çıxarılmalıydı. Lakin bu, baş vermədi, digər yandan isə Vaşinqton və Ankara mübahisəli Menbiç məsələsini həll etməyə yaxındır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq hesab edir ki, tərəflər arasında Menbiçlə bağlı razılaşma olacağı halda, YPG terror təşkilatı bölgədən çıxarılacaq, nəzarət bu iki ölkənin silahlı birləşmələrinə keçəcək:
“Suriya və digər sahələrdə iki müttəfiq ölkə arasında yaşanan gərginlik NATO-nun zəifləməsinə və Türkiyənin Rusiyaya yaxınlaşmasına imkan yaradır. Bu, həmçinin Rusiyanın Yaxın Şərqdəki mövqelərinin güclənməsi deməkdir. Bu baxımdan, ABŞ Türkiyə ilə razılaşmasa, burada udan tərəf Rusiya olacaq. Lakin Dövlət katibi Mayk Pompeo bunun qarşısını almaq üçün hərəkətə keçib. Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təmaslarını sıxlaşdıran Pompeo ABŞ – Türkiyə münasibətlərində yaranmış “çatı” bağlamağa çalışacaq. Bu baxımdan, ABŞ-ın Türkiyənin bir sıra şərtlərini qəbul edəcəyi gözləniləndir. ABŞ ilk növbədə çalışacaq ki, Türkiyə Rusiyadan alacağı “S-400” raketlərindən imtina etsin, “Türk Axını” kəmərinin işə düşməsinə imkan verməsin”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə və ABŞ arasında YPG-nin Menbiçdən çıxarılması barədə razılaşma əldə olunacaqsa, aradakı “buzlar” əriyəcək:
“ABŞ başa düşür ki, Suriyada Türkiyə əlehinə kürdlərlə əməkdaşlıq etməklə, Yaxın Şərqdə Rusiya-Türkiyə-İran “üçbacağının” qurulmasına şərait yaradıb. Bu da ABŞ-ın Yaxın Şərq və Suriyadakı maraqlarını zərbə altında qoyub.
Hesab edirəm ki, Vaşinqtonun yeni Suriya siyasətində Türkiyə ilə əməkdaşlıq, İrana qarşı sanksiyalara Ankaranın dəstəyini təmin etmək əsas faktorlar olacaq. Buna görə də ABŞ-ın Türkiyə və İsrail arasında vasitəçi olacağı gözləniləndir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və İranın bölgədən çıxarılması prosesi sürətlənəcək”.