Səfir təyinatını gecikdirmək ABŞ siyasətində ənənə halını alıb. Bir qayda olaraq, ABŞ post-Sovet respublikalarına səfir təyinatını gecikdirir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Burada müəyyən qədər süni məqamların olduğuna da diqqət çəkən politoloq eyni zamanda qeyd edib ki. belə təyinatlar bir sıra prosedurlardan keçir:
“Təyinat ABŞ prezidenti tərəfindən həyata keçirilsə də, həmin şəxsin namizədliyi Senatın hər 2 palatasında müzakirə edilib qəbul edilməlidir ki, prezident onu göndərəcəyi ölkədən aqreman (bəyənilmə arayışı) aldıqdan sonra bu, həyata keçsin.
Məndə olan məlumata görə, artıq bu proses başlayıb. Lakin mümkündür ki, bu təyinatın gecikməsinin əsas səbəbi yay aylarına görədir. Çünki iyul-avqust aylarında senatorların və bir sıra dövlət qurumlarının yetkililəri istirahətdə olurlar. Buna görə də, kadr təyinatları kimi məsələlər təxirə salınır. Yəni, bu gecikmə Azərbaycanla bağlı olan məsələ deyil, digər ölkələrlə də əlaqədar belə hallar yaşanır. Vaxtilə Qazaxıstan, Qırğızıstan və Ermənistana da, səfir təyinatları gecikdirilmişdi”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı sonuncu səfiri Robert Sekuta bu ilin aprelin 2-də diplomatik xidmətini başa vuraraq ölkəsinə qayıdıb.