19 İyul 2018 18:13
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirak vilayətinin Panik kəndindəki insident yolverilməz haldır. Bunu Ermənistanın suverenliyinə qəsd hesab edirəm.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiyanın 102-ci hərbi bazasının bir qrup hərbçisinin təlim adı altında iyulun 17-də Şirak vilayətinin Panik kəndinə daxil olaraq atəş açmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu hadisə dost Ermənistan-Rusiya münasibətlərinə qarşı provokasiyadır. Paşinyan qeyd edib ki, bu hadisədə günahı olanlar məsuliyyətə cəlb edilməlidir: “Məsələyə Ermənistan qanunvericiliyi və Rusiya hərbi bazasına dair müqavilə kontekstində baxılmalıdır. Hər halda polis insidentlə bağlı materiallar hazırlayır və ümid edirəm ki, sonrakı təhqiqat effektiv olacaq”.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçilərinin iyulun 17-də Şirak vilayətinin Panik kəndi ərazisində boş güllələrdən istifadə etməklə hərbi təlim keçirməsi yerli sakinləri qorxuya salıb. “Aravot” qəzetinin yazdığına görə, kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər: “Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər