Türkiyəyə əmr etmək və onu hədələməyə heç kimin haqqı yoxdur.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.
Aksoy bildirib ki, Türkiyə qanunun aliliyinin hökm sürdüyü, demokratik ənənələri olan suveren dövlətdir: "Türkiyəyə qarşı təhdid dili qəbuledilməzdir".
XİN rəsmisi qeyd edib ki, Türkiyə bu günə qədər ABŞ-la əlaqələrin yaxşılaşdırılması üçün lazımi siyasi iradə göstərib və ondan tələb olunan hər şeyi edib: "ABŞ hakimiyyəti tərəfindən dostluq və müttəfiqlik münasibətlərinin üzərindən xətt çəkən təhdidlər qəbuledilməzdir".
Öz növbəsində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, "Tvitter" sosial şəbəkəsində ABŞ vitse-prezidenti Maykl Pensin ölkəsinin Türkiyəyə qarşı mümkün sanksiyalarını şərh edib.
"Heç kim Türkiyəyə nə edəcəyini diktə etmir. Biz heç vaxt kiminsə təhdidinə dözməyəcəyik. Qanun qarşısında hər kəs istisnasız olaraq bərabərdir", - deyə Çavuşoğlu bildirib.
Daha öncə məlum olduğu kimi, ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər.