Bəşər Əsəd rejimi Dəməşqin qərbində düşmən hücumunun qarşısını aldığını elan edib.
Teleqraf.com xəbər verir ki, Suriyanın SANA xəbər agentliyi gecə saatlarında hava müdafiə sistemlərinin Dəməşqin qərbində bəlli olmayan düşmən hədəfini məhv edərək hücumun qarşısını aldığını bəyan edib.
Agentlik sözügedən hədəflə bağlı detalları açıqlamayıb. Lakin Bəşər Əsədə yaxın bəzi media qurumları Suriya hava müdafiə sistemlərinin Dəməşqin Katana bölgəsində İsrailə aid iki dronun məhv etdiyini iddia edib.
İsrail tərəfi isə bu barədə açıqlama verməyib.
Qeyd edək ki, son 3 ayda İsrail Suriyanın Humus, Kuneytra, Dera və Dəməşqdə rejimi dəstəkləyən İrana aid hərbi nöqtələrə zərbələr endirib.
Suriya rejimi isə ötən ayın əvvəllərində İordaniya ilə sərhəd rayonlarına nəzarəti ələ keçirirək İsraillə sərhədlərinə doğru hərəkət edib. Ötən həftə Əsəd rejiminə aid qüvvələr 1974-cü ildə atəşkəs anlaşmasında razılaşdırılan sərhəd xəttinin Suriya hissəsinin bir qismini nəzarətə götürüb.