Güney Azərbaycanın Mərənd şəhərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad hökumətin qeyri-fars millətlərinə münasibətini kəskin tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, parlamentdəki çıxışında futbol üzrə İran çempionatının növbəti turunda Təbrizin “Traktor” klubu ilə “Perspolis” arasında keçirilmiş qarşılaşmada yaşanmış xoşagəlməz vəziyyətə diqqət çəkib.
Millət vəkili çıxışında bu barədə Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və İran Teleradio Şirkətinə xəbərdarlıq edib:
“İstiqlal” və “Perspolis” komandaları digər şəhərlərin komandaları ilə qarşılaşanda başqa millətlərin nümayəndələri ən pis təhqirlərə məruz qalırlar. Lakin aidiyyəti qurumlar təhqir edənlərə qarşı tədbir görmək yerinə, “Traktor” tərəfdarlarını saxlayırlar.
“Perspolis”-“Məscid Süleyman” görüşündə də minlərlə futbol tamaşaçısı söyüş və təhqirlər səsləndirirdi. Amma təhlükəsizlik qüvvvələri Bəxtiyari geyimi geyənlərə hücum etdi, Teleradio Şirkəti isə Bəxtiyari paltarını önə çəkdi. Bütün bunlar milli birlik və ölkənin ərazi bütövlüyünü təhlükə ilə üz-üzə qoyur”.
Məhəmməd Həsənnəjad Gənclər və İdman Nazirliyinin paytaxt komandalarına milyardlarla tümən yardım etdiyinə də etirazını bildirib: “Nazir fəxrlə “İstiqlal” və “Perspolis”in bütün borclarını ödədiklərini deyir. Amma həmin nazir ölkənin milli komandasının baş məşqçisi Karluş Keyroşa vermək üçün pul olmadığını elan edir. Mərənddə bir güləş döşəyi almağa imkan yoxdur, lakin “İstiqlal” və “Perpolis”ə yüzlərlə milyard tümən vəsait xərclənir”.