31 Avqust 2018 18:39
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətinin 100 günü arxada qaldı. İnqilab yolu ilə hakimiyyətə gələn Paşinyan meydanlarda xalqa verdiyi sözü tutmaq üçün böyük çətinliklərlə üzləşsə də, korrupsiya və inhisarçılığa qarşı ciddi mübarizə görüntüsü verməyə məcburdur.

Bunu Teleqraf.com-a açıqlamasında Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndi deyib.
Politoloqun sözlərinə görə, hələ də parlamentdə köhnə hakimiyyət nümayəndələrinin say çoxluğu var:

“Parlamenti buraxaraq yeni seçkilər keçirməyə cəhd edən Paşinyan köhnə qvardiyanın ciddi maneəsi ilə üzləşir. Bu qvardiya isə öz gücünü təslim olduğu Rusiyadan alır. Paşinyanın korrupsiya və digər ağır cinayətlərdə ittiham olunan şəxsləri həbs etməsi Rusiyada böyük narazılıqla qarşılandı və hətta Sergey Lavrov da məsələyə kəskin münasibət bildirdi.

KTMT-nin baş katibi Yuriy Xaçaturovun və keçmiş müdafiə naziri Mikael Artyunyanın həbsi gərginliyi bir qədər də artırdı. Özünün təsir dairəsi hesab etdiyi ölkələrdə rüşvət, korrupsiya, inhisarçılıq və saxta seçkiləri dəstəkləyən Rusiya hakimiyyəti Paşinyana demokratik islahatlar aparmağa mane olmaq məqsədilə keçmiş prezident , “Qarabağ klanının”ideya müəllifi Robert Köçəryanı yenidən siyasətə qaytarmaq üçün hərəkətə keçdi.

Köçəryanın həbsi də bu planı pozmaq məqsədi daşıyırdı. Lakin Rusiyanın təzyiqləri ilə həbsdən azad olunan Köçəryan siyasətə qayıtdığını bəyan etdi”.

Vasif Əfəndi qeyd edib ki, təzyiqlərə baxmayaraq Paşinyan ölkədə hakimiyyətə nəzarət edir:
“Ukraynadan fərqli olaraq, Paşinyan xalqı inandırdı ki, onlar bir korrupsioner hakimiyyəti digərinə dəyişməsi oyununu oynamayıblar və demokratik cəmiyyət qurmaqda israrlıdırlar. Bu proses isə Qərbə yaxınlaşmadan mümkün görünmür.

Hesab edirəm ki, Rusiyanın Ermənistanla birbaşa quru sərhədinin olmaması və Gürcüstanla münaqişəli vəziyyət Paşinyanın Qərbə meyilli siyasətinin qarşısını almaqda çətinliklər yaradır. İndiyə qədər Qərblə Rusiya arasında manipulyasiya etməyi bacaran “Qarabağ klanı” dönəmi artıq tarixə qovuşur.

Qərb də onunla müttəfiq olmaq istəyən dövlətlərdən birmənalı mövqe tələb edir. Ermənistanın gələcəyi və Paşinyanın taleyi də bu mövqedən asılı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər