ABŞ-ın məşhur qəzetçisi Bob Vodvardın Prezident Donald Tramp haqqında yazdığı yeni kitab ciddi rezonans doğurub.
Teleqraf.com xəbər verir ki, Bob Vodvard 1974-cü ildə prezident Niksonun istefasına səbəb olan Uotergeyt qalmaqalını ortaya çıxaran qəzetçilərdən biridir.
Onun “Qorxu: Tramp Ağ Evdə” kitabının bəzi parçaları “Vaşinqton Post” qəzetində dərc edilib və ciddi müzakirələrə səbəb olub.
448 səhifəlik kitabda Trampın ədliyyə naziri vəzifəsini icra edən Ceff Sessionsa “Əqli problemi olan axmaq güneyli” ifadəsi işlətdiyi, eyni zamanda ticarət naziri Vilbur Rossun üzünə “sənə etimad göstərmirəm, müzakirələrdə iştirakını istəmirəm” dediyi iddia edilir.
Bundan başqa, Trampın 2017-ci ildə kimyəvi silah hücumundan sonra Suriya rejiminin lideri Bəşər Əsədlə bağlı “Bu lənət qatilini öldürək. İçəri girib onların çoxunu öldürməliyik” fikrini səsləndirdiyi də qeyd edilir.
Müəllif iddia edir ki, Donald Tramp 2017-ci ilin iyulunda Milli Təhlükəsizlik Şurasının toplantısı zamanı iştirakçılara üz tutaraq deyib: “Əfqanıstanda döyüşən əsgərlər bu işləri sizdən daha yaxşı görər. Biz burada neyləyirik? Daha nə qədər adamımız öləcək və nə qədər Əfqanıstanda qalacağıq?”
Kitabda Donald Trampın bəzi müşavirlərini təhqir etdiyi deyilir.
Qeyd edək ki, Bob Vodvordun müəllifi olduğu kitab bu il sentyabrın 11-də satışa çıxacaq. Artıq Ağ Ev kitabla bağlı sərt mövqe ifadə edib.
Ağ Evin mətbuat katibi Sara Sanders kitabın uydurma hekayələrdən, təhriflərdən ibarət olduğunu bildirib, əlavə edib ki, əsas məqsəd prezident Trampı neqativ planda göstərməkdir.