Almaniyanın “Der Spiegel” nəşri Rusiyanın sentyabrın 11-də başlayan və Çin hərbçilərinin də qatıldığı “Vostok-2018” təlimlərini ABŞ üçün siqnal adlandırıb.
Teleqraf.com xəbər verir ki, nəşrə görə, RF Prezidenti Vladimir Putin və ÇXR-in sədri Si Cinpin fotoları hər şeydən öncə ABŞ-a mesajdır.
“Der Spiegel” xatırladır ki, Pekin manevrlərə 3,2 min əsgər, 900 tank və digər zirehli texnika, 30 təyyarə və helikopter göndərib. Ekspertlərin fikrincə, bu, iki ölkənin hərbi əməkdaşlığında yeni səviyyə deməkdir.
Nəşr hesab edir ki, ABŞ ilə Çin arasında ticarət münaqişəsi və Qərbin Rusiyaya qarşı sanksiyaları RF və ÇXR-i yaxınlaşdırıb. Vladimir Putin və Si Cinpin bu il artıq üçüncü dəfə görüşürlər. “Bu, uzun müddət düşmənçilik edən qonşu dövlətlərin tarixində münasibətlərin yaxşı fazasından xəbər verir”, - deyə nəşrdə qeyd olunur.
Sentyabrın 11-dən 17-dək Rusiyanın Uzaq Şərq ərazisində və dəniz akvatoriyasında, həmçinin ona bitişik Sakit okean akvatoriyasında irimiqyaslı “Vostok-2018” manevrləri keçirilir. Orada ümumilikdə 300 min hərbi qulluqçu, mindən çox təyyarə, helikopter və pilotsuz uçuş aparatları, 36 minədək tank, zirehli transportyorlar, 80-dək gəmi və təchizat gəmiləri iştirak edir.