ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab yenidən Nyu-Yorkda restoranda görüntülənib.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, “Xalqbank”la bağlı məhkəmə çəkişməsində etirafçı olan Rza Zərrab sərbəst buraxılıb. İş adamı “Four Seasons” otelində obyektivlərə tuş gəlib. Oteldə rezervasiyanın ötən həftə ABŞ-a gedən Rza Zərrabın həyat yoldaşı, məşhur müğənni Ebru Gündəşin meneceri Sədəf Arımın adına edildiyi məlum olub. Bu məqam ABŞ-da geniş müzakirələrə səbəb olub.
“Four Seasons Downtown” otelində qalanlar məhkumun həbsxana kamerasında olmalı ikən otelin restoranında, barında və dəhlizində qarşılarına çıxmasının onları narahat etdiyini deyiblər. Qəbul şöbəsinə şikayət edən şəxslər gözlədikləri cavabı almadıqları üçün otelin sahibi olan “Cascade Investment” şirkətinə müraciət ediblər. Şirkətin sahibi milyarder Bill Qeyts ona olan şikayət zənglərdən narahat olub. Otelin müdiriyyəti ilə əlaqə saxlanılaraq yaranmış vəziyyətin həlli tapşırılıb.
Xatırladaq ki, İrana qarşı tətbiq olunan sanksiyaların pozulmasında, çirkli pulların yuyulmasında ittiham edilərək həbsdə olunduğu deyilən Rza Zərrab daha öncə həyat yoldaşının rəfiqəsi ilə Nyu-Yorkun Soho bölgəsində yerləşən Nabu adlı restoranda görüntülənmişdi.