Türkiyənin təhlükəsizlik orqanları tərəfindən axtarışda olan daha bir təhlükəli PKK terrorçusu Bolqarıstan ərazisində ələ keçib.
Teleqraf.com xəbər verir ki, "Haki Sedat" ləqəbli Hakkı Görən Bolqarıstan polisi tərəfindən saxlanılıb. Terrorçu Kapukule gömrük-keçid məntəqəsində Türkiyə tərəfinə təhvil verilib. Bildirilir ki, o, Bolqarıstan ərazisinə qaçaq yolla keçib. Terrorçu Bolqarıstan ərazisindən Fransaya getmək niyyətində olub. Polis onun üzərindən 2000 avro aşkar edib.
Qeyd edilir ki, bu terrorçu 2002-2010-cu illərdə PKK/KCK terror təşkilatlarının bir sıra toplantı və terror aktlarında iştirak edib. 2014-cü ildə PKK/KCK/PYD və YPG terror təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə çalışıb. Son bir ildə isə yaralı və şikəst terrorçuların Avropaya keçməsi işlərində vasitəçilik edib.