Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları casusluq fəaliyyəti zamanı maskalanmaq və simalarını dəyişdirmək imkanından gen-bol istifadə edir.
Teleqraf.com xəbər verir ki, bunu MKİ-nin sabiq əməkdaşı Conna Mendes açıqlayıb.
Sabiq MKİ əməkdaşı deyib ki, xidmət göstərdiyi müddətdə ona tapşırılan işə uyğun olaraq bəzi fiqurları, habelə ölkəyə gələn xarici şəxsləri qoruduğu zaman ciddi çətinliklərlə üzləşib. Onun sözlərinə görə, belə tapşırıqlar zamanı maskalanmaq düşünüldüyü qədər asan olmayıb.
Casus deyib ki, bu işdə qadınlar kişilərdən fərqli olaraq daha bacarıqlıdır. O, təcrübəyə müraciət edərək deyir ki, bir qadının maskalanaraq kişi qiyafəsində ortaya çıxması daha asandır.
“Qiyafə dəyişikliyində ən önəmli məsələ kiməsə oxşamaqdan daha çox özünə heç oxşamamaqdır” deyən Conna Mendes əlavə edib ki, casus ifşa olsa belə, ona dair informasiya heç vaxt ortaya çıxmamalıdır.
Conna Mendes qeyd edib ki, sima və qiyafə dəyişikliyində ilk növbədə saç məsələsi həll olunmalıdır. Əgər casusun daha gənc və ya daha yaşlı görünməsi arasında bir seçim olacaqsa, şübhəsiz ki, yaşlı obraz seçiləcək.
Onun dediyinə görə, sima manipulyasiyasında makyajdan daha çox protez önəm daşıyır. Simadakı ana xətlər, habelə çənədəki çıxıntı, alın genişliyi, gicgahlar kimi detallar çox əhəmiyyətlidir.
Casus deyib ki, qiyafə və sima makqalanması zamanı ən əhəmiyyətli yerlərdən biri də ağız nahiyəsidir. Burada casusun istedadı, danışmaq imkanı, tələffüzünü dəyişdirən cihazlardan istifadə olunur.
Casusların yolla hərəkət etməsi maskalanma baxımından önəmlidir. Əgər casusun hərəkət etməsi yetərincə uğurlu alınmırsa, bu zaman onun dizinə və ya ayaqqabısının içərisinə bir maddə qoyula bilər.
Əgər casusun kimliyi ortaya çıxarsa, bu durumda casus 30 saniyə ərzində maskalanmaq məcburiyyətindədir. Bunun üçün lazım olan vasitələr əvvəlcədən nəzərə alınmalıdır. Yalnız bu halda sizi izləyən şəxs gözdən itdiyinizi düşünə bilər.