25 Avqust 2014 21:37
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Boko Haram qruplaşması Nigeriyanın şimal-şərqində ələ keçirdiyi şəhər və kəndlərin daxil olduğu ərazidə “İslam dövləti” yaratdığını elan edib. Bu hadisəni əks etdirən videoda qruplaşmanın lideri Abubakar Shekau öz döyüşçülərini bu ayın əvvəllərində Qvoza şəhərini tutmaları münasibətilə təbrik edir.

Abubakar Shekau İraq və Suriyada elan edilmiş İslam Dövlətinə (İŞİD) loyal olub-olmayacağı barədə heç nə deməyib. Nigeriya ordusu son xəbərləri “boş cəfəngiyyat” adlandırıb.

Bununla belə, başqa xəbərlərdə Nigeriya əsgərlərinin qonşu Kameruna qaçdıqları bildirlir.
Kamerun ordusu xəbər verir ki, Boko Haramla ağır döyüşlərdən sonra 480 Nigeriya əsgəri Kamerun ərazisinə keçib.

Ordu sözçüsü polkovnik-leytenant Didier Badjek deyib ki, əsgərlər tərksilah olunaraq məktəblərdə yerləşdiriliblər. Sərhəd şəhəri Qamboru Nqalada da döyüşlərin davam etdiyi bildirlib.

Ötən həftə Nigeriya əsgərlərinin bir qrupu Boko Haramla vuruşmaqdan imtina edib. Onlar qiyamçıların daha yaxşı silahlandıqlarını söyləyiblər.

Boko Haramın üsyan qaldırdığı 2009-cu ildən bəri, əsas etibarilə Nigeriyanın şimal-şərqində davam edən zorakılıqlarda minlərlə insan həlak olub.

Sonuncu siyahıyaalmaya görə 265 min nəfər əhalisi olan Qvoza, Boko Haramın nəzarətindəki ən böyük şəhərdir. Sakinlər deyirlər ki, təşkilat öz bayrağını şəhəri ənənəvi olaraq idarə edən Əmir sarayının üzərinə qaldırıb.

52 dəqiqəlik videoda cənab Skekau “Qvozanı İslam Dövlətinin bir parçası etmiş Allaha şükrlərini” bildirir. Boko Haram, əsasən yarandığı Borno ştatında, habelə qonşu Yobe ştatında bir neçə ərazilərə nəzarət edir.

Videoda həmçinin 20-dək mülki geyimli şəxsin güllələndiyi görünür. Nigeriya hərbiyyəsinin sözçüsü Chris Olukolade Boko Haramın bəyanatını rədd edən bəyanatla çıxış edib. "Nigeriya dövlətinin ərazi bütövlüyü və suverenliyi toxunulmaz olaraq qalır” – sözçü deyib.


Müəllif:

Oxşar xəbərlər