11 Yanvar 2019 20:17
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Erkin Qədirli ilə müsahibəni təqdim edir:

- Ermənistanda yeni parlamentin ilk iclası yanvarın 14-də keçiriləcək və böyük ehtimalla parlament seçkilərində səs çoxluğu qazanan Nikol Paşinyan baş nazir seçiləcək. Sizcə, o, Qarabağ klanına qarşı apardığı amansız addımları davam etdirəcək, yoxsa yumşaq siyasətə keçid olacaq?
- Zənnimcə, Qarabağ klanı ilə münaqişə davam edəcək. Çünki Paşinyan hakimiyyətə o dalğada gəldi, gördüyü işin də xeyli hissəsi klanla bağlı olub. Bundan sonra da hakimiyyətdə qalıcı və davamlı olmasını istəyirsə, bu işi tamamlayacaq. Sadəcə olaraq, onun qarşısında bir sıra çətinliklər var.

Birincisi, Ermənistanda oliqarxlar Rusiyaya çox bağlıdır, bu isə siyasi hakimiyyət üçün əlavə problemdir. Paşinyan xalqa verdiyi korrupsiya ilə mübarizə vədlərində nə dərəcədə ardıcıl olacağı ilə bağlı şübhə yaradır. Məsələn, Gaqik Çarukyan adlı oliqarxın Ermənistanda mənfi imici var, onun bandit, mafioz olmasını hər kəs bilir, bu haqda açıq yazırlar. Amma çox varlı adamdır, Ermənistanda etirazlar başlayanda vaxtında Paşinyan tərəfə keçib onu dəstəklədi. Paşinyan başqa oliqarxları bir-bir sıradan çıxarmağa başlayanda Çarukyana dəymədi. Sual yarandı ki, niyə eləmir? Əslində anlaşılırdı, çünki onu dəstəkləyib, o biri yandan da Çarukyan axı korrupsionerdir.

Bəs Paşinyan korrupsiya ilə bağlı vədində nə dərəcədə ardıcıl ola bilər? Böyük suallar var. Paşinyanı demokrat lider kimi seçiblər, eyni zamanda artıq Ermənistanın özündə siyasətə pərəstiş təcrübələri yaranmaqdadır. Nikol Paşinyanın şəkillərini çeşidli dini motivlərdə az qala millətin xilasedicisi, ümidvericisi kimi çəkirlər. Şəxsiyyətə pərəstişi mənfi mənada gücləndirə biləcək şeylər var, məsələn, Paşinyan adlı arağın buraxılması onun bəzi tərəfdarlarını narahat edir.

Digər tərəfdən, Rusiyanın Ermənistanda baş verənlərə münasibəti hələ tam aydın deyil. Ermənistandakı gedişata Rusiya qarışmadı, bunun yozumu o ola bilər ki, Ermənistandakı dəyişikliklər rəsmi Kremli çox da narahat eləmir. Rusiya Ermənistanda az qala hər şeyə nəzarət edir, sərhədlərini qoruyur, hərbi bazası var, iqtisadiyyatın əsas gəlir gətirən obyektləri Rusiyanın dövlət şirkətlərinin mülkiyyətindədir və sair. Ona görə də Rusiyanın rahatlığı vardı ki, Paşinyan seçilir-seçilsin, onsuz da gəlib mənimlə anlaşmalı olacaq.

Görünən odur ki, son danışıqlarda qazın qiyməti ilə bağlı Paşinyanla Putin arasında razılaşma baş tutmadı. “Qazprom” Ermənistan üçün qazın qiymətini 10 faiz artıracağını dedi. Bu isə Ermənistanda qazın pərakəndə satışının qiymətinə təsir edəcək, vətəndaşlar üçün qiymət qalxacaq. Qaz da enerji daşıyıcısı olduğuna görə bununla bir yerdə başqa qiymətlər də qalxacaq. Bu da başqa çətinlikdir.

- Paşinyan Qarabağdakı ermənilərin hansısa təpkisi ilə üzləşəcək?
- İrəvanda Qarabağ klanını “vura-vura” gedəcəksə, bu, Qarabağdakı erməniləri narahat edəcək. İctimai rəydə “Hayastançı” və “qarabağçı” - əsl ermənilər və Qarabağ erməniləri deyə bölgü var. Qarabağ erməniləri haqda da ümumən mənfi təəssürat mövcuddur. Düzdür, bizlə münasibətdə bu, çox da həlledici bir şey deyil, amma öz aralarında kəskin bölgü yaradır.

Qarabağ erməniləri Ter-Petrosyan kimi onlar üçün maneə olan prezidenti devirə bildiklərini bir dəfə sübut ediblər. Ona görə “Petrosyan kimi prezidenti devirə bilənlər Paşinyanı da devirə bilərmi” sualı yaranır. Çünki hələ də hərbi struktur, hüquq-mühafizə orqanları, siyasi elitada onların adamları var. Paşinyan da bəzən qəribə addımlar atır. Aprel döyüşlərindən sonra Serj Sərkisyan Ermənistan hərbi kəşfiyyatının rəhbəri, general-mayor Arşak Karapetyanı vəzifədən azad etdi ki, vaxtında Azərbaycanın hücumunu ön görə bilməyib. Belə bir adam haqda kəskin mənfi rəy var.

Ermənilər onu aprel döyüşlərində məğlubiyyətə görə qınayırlar ki, sən necə hərbi kəşfiyyat başçısı olmusan, Azərbaycan ordusunun hücumunu öncədən bilməmisən. İndi Paşinyan onu özünə müşavir təyin elədi. Bu, çox qəribə, öz nüfuzuna toxunan gedişdir. Ermənistanda bununla bağlı narazılıq da var ki, əslində bu adam həbs olunmalı idi, onu vətən xaini hesab edənlər də var, amma Paşinyan onu özünə müşavir götürdü.

- Bu gediş nəyə xidmət edir?
- Görünür, başqa ehtiyaclar da var. Qarabağdakı ermənilər və oradakı rejim İrəvandan daha çox Moskvadan asılıdır. Bako Saakyan İrəvanın yox, Moskvanın sözünə baxır və Rusiyanın əlində Paşinyana əlavə basqı alətidir. Zənnimcə, oğlunu Qarabağa hərbi xidmətə göndərdiyi kimi, generalı müşavir təyin etməsi də Paşinyanın gözündə Qarabağ erməniləri ilə bəlli kompromisdir. Paşinyan oğlunu Qarabağda hərbi xidmətə göndərəndə bizim cəmiyyətdə müxtəlif rəylər oldu.

Fikrimcə, bunu Paşinyanın Qarabağa verdiyi önəm və ya Azərbaycana hədə kimi yozmaq doğru deyil. Paşinyan əslində oğlunu Qarabağa girov kimi göndərib. Orta çağlarda krallar bəzən vəliəhd olan şahzadəni qonşu ölkənin kralına girov kimi göndərirdilər ki, narahat olmayın, oğlum sizdə əmanətdir, bu isə o deməkdir ki, mən sizə hücum etməyəcəyəm. Paşinyanın da etdiyi təxminən belə bir şeydir. Oğlunu Qarabağa hərbi xidmətə göndərib separatçı rejimə mesaj verir ki, sizə toxunmayacağam, narahat olmayın, oğlum da sizə əmanətdir. Münasibətlər gərgindir, birmənalı deyil, uzağa gedən nəticə çıxarmaq üçün hələ ki çox erkəndir, əlimizdə yetərli məlumat da yoxdur, gedişat hələ yeni başlayıb, görək necə olacaq.

- Separatçı rejimin hərbi postlarında dəyişiklik edilməsi və bu postlara Paşinyana yaxın şəxslərin gətirilməsi onun Bako Saakyandan qurtulmaq istəyində israrlı olduğunu göstərir. Bu kimi rəylərlə nə dərəcədə razısınız?
- Paşinyanın Bakı Saakyandan qurtulmaq istəyində olmasına inanıram. Normalda belə olmalıdır. Saakyan həm onun üçün əlavə yükdür, həm də siyasi riskdir. Üstəlik Saakyan onun sözünə baxmır, Moskvanın sözü ilə hərəkət edir. Əlbəttə, Paşinyan istəyərdi ki, Xankəndidə Moskvanın sözünə yox, onun sözünə baxan birisi otursun. Amma o da buradakı siyasi fürsətlər sistemini təməldən dəyişə biləcəyinə görə Moskva buna getməyəcək. Elementar Robert Köçəryanla bağlı situasiyaya diqqət edək, onu həbs elədi, sonra buraxdı, yenə həbs elədi, Putin zəng edib onun doğum gününü təbrik elədi, sonra məktub yazdı.

Qəribə gəlişmədir, Köçəryan keçmiş prezidentdir, Putinin nəyinə lazımdır, özü də camaat ondan narazıdır, barəsində korrupsiya faktları var. Amma Putin nümayişkəranə şəkildə Köçəryanı təbrik edir, ona zəng edib məktub göndərir, hər hərəkəti ilə göstərir ki, buranı boş buraxmamışam, aranı qarışdıra bilərəm. Vəziyyət o qədər də sadə deyil. Paşinyan bir yandan xalqa verdiyi vədlərin, o biri yandan da Rusiyadan gələn risklərin arasında qalıb. Eləcə də İrəvandakı Qarabağ klanı, digər tərəfdən Qarabağdakı hərbi rejim var, bunlar hamısı əlavə risklərdir.

- Dediyiniz kimi Rusiya Robert Köçəryanın müdafiəsi istiqamətində müxtəlif cəhdlər göstərir. Paşinyanın Moskva səfərindən sonra Köçəryan məsələsində Rusiya susqunluq nümayiş etdirir. Bu susqunluq nəyə hesablanıb?
- Əslində Rusiya Köçəryanın taleyi ilə o qədər də maraqlanmır. Köçəryan bir bəhanədir, Paşinyana psixoloji təzyiq alətidir. Rahatlıqla Köçəryanı satar, ələ verər.

- Yeni dönəmdə Paşinyanın xarici siyasətinin vektoru necə olacaq? Qərbyönümlü, yoxsa...
- Mən Nikol Paşinyanın Qərbyönümlü olmasına inanıram. Məncə, Paşinyan bu məsələdə səmimidir. İş səmimiyyətlə həll olunmur. Siyasi fürsətlər sistemi deyilən bir anlayış var. Geopolitik duruma nəzər yetirəndə aydın olur ki, Ermənistanın sərhədlərini Rusiya qoruyur, Ermənistanda hərbi bazası var, iqtisadiyyatın əsas gəlir gətirən obyektləri Rusiyanın dövlət şirkətlərinin mülkiyyətindədir. Eləcə də Qarabağ məsələsi var, bu da Ermənistan üçün əlavə yükdür.

Ermənistan səmimi olaraq Qərbyönümlü siyasi kurs almaq istəyirsə, ümumiyyətlə, ölkəsində arzuladığı inkişafı görmək istəyirsə, Azərbaycanla barışması şərtdir. Bunu onlara hamı deyir. Özlərində də başa düşəni var. Barışmaq üçün gərək Qarabağı Azərbaycana qaytara. Bu məsələdə də sərbəst görünmürlər. Çünki Qarabağa faktiki olaraq Rusiya nəzarət edir. Vəziyyətləri çox dolaşıqdır. Gürcüstanla Azərbaycan Ermənistandan fərqli olaraq ərazi itiriblər, çoxsaylı qaçqınlar var, amma açıq Qərbyönümlü kurs götürüblər. Çünki bizim Rusiyadan asılacağımız çox azdır, bizimki bizə dəyib artıq. Rusiya bizim də, Gürcüstanın da torpağımızı əlimizdən alıb, onlardan birbaşa, bizdən dolayı alıb.

Dəqiq bilirik ki, Rusiyanın bizə münasibəti nədir. Amma Ermənistanın Rusiyadan umacağı çoxdur. Məsələn, Qarabağı alıb onu rəsmiləşdirə, tanıya bilmir, məskunlaşma edə bilmir, Rusiyaya böyük ehtiyacı var. Belədə də Qarabağı Azərbaycana qaytarmaq kimi bir sərbəstliyi də yoxdur, çox böyük riskdir. Onu edən hökuməti bir yandan xalq devirə bilər, o biri yandan Rusiya özü də deyə bilər ki, sən kimsən Qarabağı Azərbaycana verirsən, onu sənin üçün mən almışam, mən saxlayıram. Odur ki, qəribə paradoksal vəziyyətdir: Ermənistan hərbi baxımdan qalibdir, amma siyasi baxımdan uduzmuş durumdadır.


Müəllif: Nərgiz Ehlamqızı