18 Yanvar 2019 09:39
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp və Demokrat Partiyası arasında büdcə böhranı ölkə tarixində hökumətin ən uzun müddətli qapanması kimi tarixə düşəcək.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, artıq 27 gündür ABŞ-da federal hökumət faktiki fəaliyyət göstərmir.

Bu müddətdə hökumətin fəaliyyətini bərpa etmək üçün Tramp administrasiyası ilə Konqresin Nümayəndələr Palatasında çoxluğa sahib olan demokratlar arasında razılıq əldə edilməyib.

ABŞ Konqresinin demokrat üzvləri büdcədən Meksika ilə sərhəddə divar hörmək üçün ayrılması istənilən 5,7 milyard dollarlıq maddəyə səs vermirlər.

Bu səbəbdən də büdcə təsdiq edilməyib və federal hökumət dekabrın 22-dən qismən qapanıb.

Tramp hökumətin fəaliyyətini dayandırmasında demokrat konqresmenləri günahkar sayır və Meksika ilə sərhəddə hasar tikilməsi üçün tələb edilən maliyyənin ayrılmayacağı təqdirdə hökumətin hələ uzun müddət qapalı qalacağını elan edir.

Bu arada bəlli olub ki, ABŞ Konqresindən prezident Trampa iki ayrı-ayrı məktub göndərilib.

Nümayəndələr Palatasının sədri, demokrat Nensi Pelosi Donald Trampa göndərdiyi məktubda prezidentin yanvarın 29-da Konqresdə Amerika xalqına ünvanlanan çıxışını hökumətin qapalı olması səbəbindən təxirə salmasını tələb edib.

İkinci məktubu isə bir qrup respublikaçı və demokrat senator göndərib. Onlar prezidentin hökumətin fəaliyyətini bərpa edəcəyi təqdirdə sərhəd təhlükəsizliyi mövzusunda əməkdaşlığa hazır olacaqlarını ifadə ediblər.

Qeyd edək ki, hökumətin fəaliyyətini dayandırmasından sonra Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ağ Evdə prezident Trampla görüşüb. O, açıq şəkildə elan edib ki, amerikalılar Trampa görə hökumətin fəaliyyətini dayandırmasını istəmirlər.

Daha sonra prezidentlə Nensi arasında gərginlik özünü kameralar qarşısında göstərib və tərəflər bir-birini ittiham ediblər.

Beləliklə, Donald Tramp yanvarın 16-da yenidən Tvitter ataraq demokratları ittiham edib. O, bəyan edib ki, dünyada divar hörməyi planlayan çoxlu sayda örnək var. Onun sözlərinə görə, 45 ölkə daxil olmaqla 77 böyük hasar hörülüb. 2015-ci ildən bu yana Avropada 800 mil divar hörülüb. Bunların hər biri effektiv olub.

Bütün bunlara baxmayaraq araşdırmalar göstərir ki, sadə amerikalılar hökumətin qapanmasına görə demokratları deyil, prezidenti və respublikaçıları günahkar hesab edirlər.

Sosioloji sorğunun nəticələrinə görə, əhalinin 63 faizi demokratların Meksika sərhədində divar hörülməsinə qarşı çıxırlar.

Respondentlərin 56 faizi hökumətin fəaliyyətini dayandırmasında Trampı və respublikaçıları günahkar sayır.


Müəllif: Cavad