ABŞ Prezidenti Donald Tramp Dünya Bankı rəhbərliyinə Devid Malpassın namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, hazırda ABŞ Maliyyə Nazirliyində Beynəlxalq məsələlər İdarəsinə rəhbərlik edən Malpass Dünya Bankına qarşı ciddi tənqidləri ilə ad çıxarıb.
Corc Buş və Ronald Reyqan administrasiyasında Maliyyə Nazirliyində vacib vəzifələr tutan Malpass 2008-ci il böhranı zamanı iflas edən Bear Stearns Bankının ekonomisti kimi fəaliyyət göstərib və həmin dövrdə Dünya Bankının rəhbərliyini rüşvət və korrupsiyada ittiham edib.
Donald Trampla yaxın əlaqələri olduğu deyilən Malpass Çin ilə davam edən gərgin ticarət müzakirələrində vacib rol oynayıb. Dünya Bankının üzv dövlətləri səs verəcəyi təqdirdə Malpass bu qurumun direktoru olan Cim Yonq Kimin yerinə keçəcək.
ABŞ mediası iddia edir ki, Devid Malpassın Dünya Bankına rəhbər vəzifəsinə irəli sürməyi Trampa maliyyə naziri Steven Munçin və qızı İvanka Tramp məsləhət görüb.