Bir neçə Rusiya şirkəti turistlər üçün kosmik yaxta hazırlayır. Yerətrafı orbitə ilk turist uçuşu yaxın 5 ildə baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu sensasiyalı məlumatı Rusiyanın "Aviasiya-kosmik texnologiyalar" Elm-İstehsalat Birliyinin baş konstruktoru Aleksandr Beqak Soçidə keçirilən investisiya forumunda bildirib.
Onun sözlərinə görə, avtomatlaşdırılmış rejimdə işləməsi nəzərdə tutulan pilotsuz suborbital hava gəmisi "Selena kosmik yaxtası" adlanır. Onun hazırlanmasına 2 il əvvəl başlanıb və bu haqda məlumat indiyədək heç bir yerdə yayılmayıb.
Hesablamalara görə, yaxta təyyarə kimi istənilən aerodromdan havaya qalxa biləcək: "Bu aparatın istənilən aerodroma enmək qabiliyyəti də olacaq. Biz indi turistlərin kosmosda qalması üçün optimal müddəti və rahat uçuş trayektoriyasını müəyyənləşdirməliyik. Təcrübə göstərir ki, insanlara 10 dəqiqə çəkisiz şəraitdə qalmaq o qədər də asan deyil".
Konstruktorlar cəmi 3 yaxta hazırlamağı nəzərdə tuturlar. Onların hər biri ilə 6 sərnişin uça biləcək.
Kosmosa uçuş üçün bir biletin qiyməti 200-300 min dollar ehtimal olunur.