İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin ailəsi Ərdəbil həbsxanasında saxlanılan fəalla görüşə bilib.
Teleqraf.com xəbər verir ki, görüş fəalın saxlanmasından keçən 1 ay vaxtdan sonra – fevralın 16-da baş tutub.
Ailəsi fəalla təhlükəsizlik orqanları əməkdaşlarının nəzarəti altında görüşüb.
Abbas Lisani ailəsinə bildirib ki, təhlükəsizlik və məhkəmə orqanları onunla bağlı saxta dosye hazırlamaq niyyətindədir, buna görə də ağır məhkəmə hökmü ilə üzləşə bilər.
O, Güney Azərbaycan türklərinin milli və mədəni haqları uğrunda sonadək mübarizə aparacağını bildirib.
Görüş zamanı məlum olub ki, fəal təknəfərlik kameradan çıxarıldıqdan sonra aclıq aksiyasını dayandırıb.
Qeyd edək ki, yanvarın 15-də ETTELAAT tərəfindən saxlanılan Abbas Lisani haqda bu günədək məlumat yox idi.