İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla dueldə yol verdiyi səhvlərdən danışıb.
Teleqraf.com xəbər verir ki, o, Həbibə yanlış döyüş üslubu seçdiyi üçün məğlub olduğunu iddia edib.
Konor Makqreqor döyüşə başlayan kimi müdafiəyə çəkildiyini və bunun da ona baha başa gəldiyini bildirib:
“Demək olar ki, döyüş başlar-başlamaz özümü qorumağa üstünlük verdim. Müdafiə olunurdum və rəqibin hücumlarını ciddiyə almırdım. Niyə hücuma keçmədiyimi bilmirdim. O zaman nə düşündüyümü də bilmirdim.
Amma indi qarışıq fikirlərin içində deyiləm və bir də bu xətaya yol verməyəcəyəm. Hücum texnikamı inkişaf etdirirəm. Özümü daş divar kimi yetişdirməyə davam edəcəyəm. Özümə inamım artıb, rəqibimi çiyinlərimə qaldıra bilərəm. Vurduğum hər şeyi dağıda bilərəm”.
Qeyd edək ki, Həbib Nurməhəmmədov və Konor Makqreqor arasındakı görüş keçən il oktyabr ayında ABŞ-da keçirilib. Görüş rusiyalının qələbəsi ilə başa çatıb.