Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ATƏT sədri Miroslav Layçakı qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjiy Kasprşik də qatılıb.
Görüşdə çıxış edən Nikol Paşinyan ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü prinsipləri qəbul etdiyini bildirib.
Erməni baş nazir münaqişənin ATƏT-in Minsk qrupu formatında dinc yolla həll prosesinə dəstək verəcəklərini də açıqlayıb.
Qeyd edək ki, Nikol Paşinyan bundan əvvəl Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin danışıqlarda tərəf kimi iştirak etməsi təklifini irəli sürmüşdü.
Paşinyana etiraz olaraq, bəyanat yayan Minsk qrupu həmsədrləri mövcud formatın münaqişənin həlli üçün ən ideal format olduğunu bildirmişdilər.