20 Mart 2019 09:01
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə naziri Sergey Şoyqu Suriya rəhbəri Bəşər Əsədlə görüşərək prezident Vladimir Putinin məktubunu ona çatdırıb.

Teleqraf.com xəbər verir ki, görüş Vladimir Putinin tapşırığı əsasında baş tutub.

Görüşdə Suriyada beynəlxalq terrorizmlə mübarizə, Yaxın Şərqdə təhlükəsizliyin təminatının müxtəlif aspektləri və münaqişədən sonrakı tənzimlənmə məsələləri müzakirə olunub.

Bundan başqa, qaçqınların geri qayıtması və onlara humanitar yardımın göstərilməsi də diqqətdə saxlanılıb.

Sergey Şoyqu birgə səylərin nəticəsində Suriya dövlətinin qorunub saxlandığını deyib. Onun sözlərinə görə, prosesdə Qərb ölkələri istənilən müsbət dəyişikliyi heçə endirməyə və böhranın həllinə mane olmağa çalışırlar.

Bəşər Əsəd bildirib ki, Rusiya və Suriyanın yüksək səviyyədə koordinasiya olunmuş müştərək fəaliyyəti ölkəsinin terror təhlükəsi qarşısında duruş gətirməsində əsas faktorlardan biri olub. Suriya rəhbəri bəzi ölkələrin sözdə terrorizmlə mübarizə apardığını, əslində terroristlərə dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Suriyada təyyarəsini Xmeymim hərbi bazasına məxsus Su-35C qırıcıları müşayiət edib.


Müəllif: Mahir

Oxşar xəbərlər