ABŞ dəniz piyadalarının Yaponiyanın Okinava adasının cənubunda yerləşən Kemp-Zukeran hərbi bazasında partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kyodo agentliyi ABŞ hərbi polisinə istinadla məlumat yayıb.
Naməlum şəxslərin hasarın bir hissəsini dağıdaraq bazanın ərazisinə daxil olduğu bildirilir. Bundan sonra onlar Yaponiya Müdafiə Nazirliyinin nümayəndələrinin istifadə etdiyi qaz balonunu tikililərdən birinin yaxınlığında yerləşdirərək partladıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Kemp-Zukeran bazasında ABŞ dəniz piyadaları qrupunun Okinava adasındakı qərargahı yerləşir. Yaponiyadakı ABŞ obyektlərinin 70 faizi bu adada toplanıb. Yerli hakimiyyət və ictimaiyyət nümayəndələri ABŞ hərbçilərinin adada azaldılmasını tələb edirlər.