Rusiya Avropa Şurasına olan 60 milyon avro borcunu ödəməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məsələ ilə bağlı qəzetə izahat verən Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) gələcəkdə Rusiya nümayəndə heyətinə ayrı-seçkilik təhlükəsini aradan qaldırdıqdan sonra Moskva bu addımı ata bilər.
”Bu vəziyyətdə Rusiya yalnız illik ödəməli olduğunu deyil, son iki il ərzində yığılmış borcları da ödəməyə hazır olacaq”, – deyə senator qeyd edib.
2014-2015-ci illərdə rus parlamentarilər Krımla bağlı tutduqları mövqeyə görə AŞ PA-da bir sıra hüquqlardan məhrum edilib. Moskva buna cavab olaraq iclaslara qatılmaqdan imtina edib, 2017-ci ilin iyunundan isə illik ödəməni dayandırıb.