13 May 2019 14:14
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenkonun cəsədi kremasiya olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə radiostansiyanın baş direktoru Vladimir Mamontov bildirib.

O qeyd edib ki, jurnalistin özünün istəyi belə olub:

“İndi tam aydın olur ki, kremasiya onun şəxsi istəyidir. Bu barədə həyat yoldaşı bildirib. Ümumi bir mətn də var, bu barədə şahidlər mövcuddur. O dəfələrlə demişdi ki, külünün bir hissəsi basdırılsın, bir hissəsi Krım üzərinə səpilsin (Dorenko Kerçdə doğulub-müəll.). Beləliklə, ehtimal ki, kremasiya olacaq”.

Bu arada jurnalistlə bazar gününə planlaşdırılan vida mərasimi baş tutmayıb. Buna səbəb təkrar ekspertizanın keçirilməsi olub. Polis Dorenkonun cəsədini onun dul xanımına verməyi qadağan edib.

Mamontov bildirib ki, ekspertizanın nə vaxt başa çatacağı hələlik məlum deyil, ancaq təhqiqatçılar prosesi sürətləndirməyi vəd ediblər. Onun sözlərinə görə, jurnalistin ölümü ilə bağlı təkrar ekspertiza onun qızının polisə verdiyi məlumatla bağlıdır. Dorenkonun qızı atasının zəhərlənməsinin mümkünlüyünü bildirib.

Sergey Dorenko mayın 9-da Moskvada motosiklet sürərkən dünyasını dəyişib. Jurnalist qəflətən özünü pis hiss edib və idarəetməni itirərək yıxılıb. Az sonra radiostansiya məhkəmə-tibbi ekspertizanın yekun rəyinə istinadən jurnalistin aorta partlamasından keçindiyinə dair məlumat yayıb. Onun 59 yaşı var idi.

Dorenkonun ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putin, Moskva meri Sergey Sobyanin, Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyov, çoxlu sayda həmkarı, ictimai-siyasi xadimlər başsağlığı verib.

S.Dorenko 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində karyerasının zirvə nöqtəsində idi. V.Putinin qızğın tərəfdarı kimi tanınan S.Dorenko onun hakimiyyətə gəlməsi üçün aktiv fəaliyyət göstərirdi.

V.Putin prezident seçildikdən az sonra münasibətləri pisləşdi. 12 avqust 2000-ci ildə “Kursk” atom sualtı qayığında baş verən və 118 nəfərin həlak olması ilə nəticələnən qəzadan sonra ORT telekanalında “Sergey Dorenkonun müəllif proqramı” verilişində V.Putindən götürdüyü müsahibə çox böyük rezonans doğurmuşdu.

Jurnalist prezidenti faktlarla sərt tənqid etmiş, onun danışğında qeyri-düzgün olan məqamları aşkara çıxarmışdı. Məhz bu müsahibədən sonra proqram həmişəlik bağlandı. Dorenko isə sentyabrda ORT ilə vidalaşmalı oldu.


Müəllif: Səxavət

Oxşar xəbərlər