15 Sentyabr 2014 09:40
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Çənab çayında toydan evlərinə qayıdanları aparan gəmi suda çevrilərək batıb.

Axar.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, qəza nəticəsində aralarında bəyin də olduğu 17 adam ölüb, 18 adam xilas edilib, 8 adam isə itkin düşüb.

Bölgədən verilən məlumata görə Pəncab əyalətindəki Şər Şah bölgəsində təzə evlənən cütlük və yaxınları toy mərasimindən sonra evlərinə qayıtmaq üçün gəmi ilə Çənab çayını keçməyə çalışarkən gəmi güclü axıntı üzündən çevrilərək batıb.


Axtarış qrupunun rəhbəri Əli İmam Şah gəlinlə birlikdə 18 adamın xilas edildiyini, ancaq çaydan aralarında bəyin də olduğu 17 adamın cəsdinin çıxarıldığını söyləyib. 8 adamın itkin düşdüyünün təxmin edildiyini bildirən qrup rəhbəri dalğıcların itkin düşənləri axtardığını qeyd edib.

Bölgə polis rəisi Mian Tanvir verdiyi açıqlamada qəzaya gəmiyə həddindən artıq çox adamın minməsinin və həddindən çox yağış yağmasının səbəb olduğunu bildirib.

Xatırladaq ki, Pakistan Milli Fəlakət İdarə heyətinin açıqladığı hesabatda son 11 gündə sellərin basdığı 3.065 kənddə 2 milyondan çox adamın zərər çəkdiyi, 289 adamın da həlak olduğu qeyd edilib.


Müəllif:

Oxşar xəbərlər