Türkmənistanın Türkmənbaşı şəhərindən 12 kilometr məsafədə yerləşən “Avaza” kurortunda qadınların çimərlik geyimində görünmələri qadağan edilib.
Teleqraf.com xəbər verir ki, qayda pozuntusuna görə 200 manat cərimə tətbiq olunacaq (Azərbaycan manatı ilə 97 manat).
Qadağa təkcə bikinilərə deyil, həm də açıq-saçıq və ya tarım geyimlərə tətbiq ediləcək. Qadınlar paltarda üzmək məcburiyyətindədirlər. Qaydalara əməl edilməsinə sahildə patrul aparan xüsusi polis əməkdaşları nəzarət edirlər.
Bu qaydalar “Avaza”ya gələn daxili turistləri qorxudur, onlar Xəzər sahillərindəki Kiyanlı, Quvlımayak, Çeleken kimi çimərliklərə üz tuturlar. Mənbə bildirir ki, qadağa yalnız bu tətil mövsümündə tətbiq olunmağa başlayıb. 2018-ci ildə də məhdudiyyətlər var idi, amma həmin vaxt nəzarət o qədər də sərt deyildi və qadınlar cərimələnmirdi.
Bununla yanaşı bildirilir ki, Türkmənistan hakimiyyəti vətəndaşların xarici görünüşündə də konservatizmə çalışır. Hakimiyyət əxlaqa təhdid gördüyü bəzi geyim və ya kosmetik prosedurlara qarşı sistemli mübarizə aparır. 2018-ci ildə ölkə bazarlarında çimərlik bikiniləri və şort satışına qeyri-rəsmi qadağa tətbiq edilib. Aşqabaddakı dövlət idarələrinin işçilərinə dırnaqlarını boyamaq və uzatmaq qadağan olunub və sair.
“Avaza” milli turistik zonası Qurbanqulu Berdımühəmmədovun prezidentliyi dövründə həyata keçirilən çoxmilyardlıq layihədir.
Orada istirahət edənlər qiymətlərin bahalığından və pis xidmətdən şikayətlənirlər. Ölkənin qapalı olması səbəbindən kurortda az sayda əcnəbi görmək olar. “Avaza”ya əsasən ora göndəriş almağa məcbur edilmiş büdcə təşkilatlarının əməkdaşları gedirlər.