15 Noyabr 2019 09:05
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Master və Marqarita”da yazdığı “Ən böyük əxlaqi çöküş qorxaqlıqdır” fikrini həyat fəlsəfəsinə çevirən Bulqakov təzyiq və senzuraya baxmayaraq, əsərlərində Stalin sistemini ən sərt ifadələrlə tənqid etmiş və bu sistemin ortaya çıxardığı psixoloji çöküşün yaratdığı insan faciələrinə öz qələmi ilə can vermişdi.

Teleqraf.com rusiyalı yazıçı Mixail Bulqakov haqda yazını təqdim edir.

Anası müəllim, atası ilahiyyat professoru olan Mixil Bulqakovun hər iki babası pravoslav kilsəsində din adamı olub. Ailəsinin əksinə olaraq tibblə maraqlanan yazıçı atasının ölümündən sonra bu sahəyə yönəlmişdi. Tibb təhsili aldığı illərdə Tatyana Lappa ilə evləndi.

Universitetdən məzun olduqdan sonra öz həkimlik peşəsi ilə Rusiyanın ən ucqar kəndlərində məşğul olan Bulqakov həmin illərdə “Gənc həkimin qeydləri” adlı kitabını nəşr etdirir. Kitab onun bu dönəmdəki müşahidələri və xatirələrindən bəhs edir.

Morfin alüdəçisi

Orduda xidmət etdiyi vaxt iki dəfə yaralanan yazıçı uzun müddət morfin qəbul etmək məcburiyyətində qalır. Alüdəçisinə çevrildiyi morfini öz iradəsi ilə tərgitdikdən sonra “Morfin” adlı əsərini qələmə alır. Lakin tifə yoluxan Bulqakov həkimlikdən imtina edərək jurnalist kimi fəaliyyət göstərir. Bundan sonra bir müddət Qafqazda yaşayan yazıçı sonralar həyatının sonunadək yaşayacağı Moskvaya köçür. O bu şəhərdə bütün həyatını ədəbi yaradıcılığa həsr edir.

1922-1926-cı illərdə teatra bir çox pyes yazsa da, bunlar dövrün ağır siyasi şərtlərini və repressiyaları əks etdirdiyi üçün Stalin tərəfindən qadağan edilmişdi. Həmin dövrdə həyat yoldaşından boşanıb Lyubov Belozerskaya ilə evlənir.

Stalinə məktub

Həmin il yazdığı “İt ürəyi” adlı əsərində professor Flipoviçin Şarik adlı bir küçə köpəyini əməliyyat edib xayalarını və hipofiz vəzini bir cinayətkarın orqanı ilə dəyişdirməsindən sonra köpəyin professora problemlər yaratması və sovet bürokratiyasında yüksəlişindən bəhs edir.

Sovet sisteminin xalqlar üzərindəki təzyiqlərini ustalıqla qələmə alan Bulqakovun digər əsərləri kimi bu əsəri də qadağan olunur.

Çiyinlərində Sovet təzyiqinin ağırlığını hiss edən yazıçı çarəni 1930-cu ildə Stalinə məktub yazmaqda görür. Məktubda Stalindən xarici ölkəyə getməyi xahiş etsə də, bu istəyi rədd edilir və ona Moskva Sənət Teatrında kulisdə bir iş təklif olunur.

Təklifi qəbul edən Bulqakov burada yazılma prosesi on bir il çəkən “Master və Marqarita”nı yazmağa başladı. Digər əsərləri kimi bunun da qadağan olunacağını bilsə də, başladığı işi yarımçıq saxlamadı.

Şeytanın Moskvada zühuru

Bulqakovun xəyal dünyasının dərinliyinə enən “Master və Marqarita” 1930-cu illər Moskvasından bəhs edir. Şeytan Voland və köməkçilərinin Moskvaya bir neçə günlük səfəri əyləncəli olmaqla yanaşı, oxucu əsərin hər bir səhifəsində şahmat oynayan pişik, qara cadularla uçan qadınlar və Şeytanın təşkil etdiyi əyləncə məclisləri ilə qarşılaşır. Lakin bu əyləncə və dəbdəbənin altında Volandın önəmli bir vəzifəsi var: insanların özlərinin şeytandan daha pis varlıq olduğunu göstərmək.

Voland dünyaya endiyi vaxt parkda Yazıçılar İttifaqının (Massolit) sədri Berlioz və istedadsız şair İvan Bezdomnının söhbətinə şahid olur. Tanrının varlığını inkar edən hər iki yazarın fikrini dəyişmək istəyən Voland Moskvanın altını üstünə çevirir.

Dönəmin Moskvasında yaşayan yazıçılar və bürokratların riyakarlığını və tamahkarlığını ortaya çıxaran Şeytan o dövrün insan problemlərini də göz önünə sərir. Bulqakov bununla insanların yoldan çıxmaq və yalanlara bulaşmaq üçün Şeytana ehtiyaclarının olmadığını göstərir.

Əsərdə İsanın çarmıxa çəkilməsində prokurator Ponti Platın baxışına da geniş yer verilib. Əvvəlcə İsanın edam edilməsinin tərəfdarı olan prokuratorun sonradan peşmanlıq duyması da maraqlıdır. Əsərin üçüncü ən böyük mövzusu isə roman yazarı olan Masterlə Marqariya arasında keçən məhəbbətdir.

İddiaya görə, əsərdə Voland Stalini, Master Bulqakovun özünü, Marqarita isə Yelenanı simvolizə edir.

Yelena

Bulqakov 1932-ci ildə Yelena Şilovskaya ilə evləndi. O, yazıçının sonuncu həyat yoldaşıdır. Bulqakov əsəri bu qadından ilham alaraq yazıb.

1927-ci ildən ölümünədək bütün əsərləri qadağan olunan yazıçı vəziyyətdən çıxmaq üçün sovet rejiminin əleyhinə olmayan mətnlər yazıb, teatr tamaşaları hazırlamışdı. Qoqol və Servantes kimi yazarlardan sonra Molyerin də həyatını səhnələşdirmək istədi. Diktator rejimi altında fəaliyyət göstərən yazıçılardan bəhs edən bu mətn Stalinin dövlət siyasətinə uyğun hala salınması istənilsə də Bulqakov bunu rədd etmişdi.

Rejimə qarşı müqavimət Bulqakovu işindən etdi, daha sonra Moskva Opera Teatrında libretto yazarı kimi fəaliyyətə başladı.

Həyatının son dönəmlərində Stalinin 60 illik yubileyi münasibətilə inqilabın ilk illərindəki həyatından bəhs edən tamaşa hazırlasa da, üzərindəki qadağanı qaldıra bilmədi. Meydana çıxış imkanları tamamilə məhdudlaşan yazıçının yeganə oxucusu həyat yoldaşı idi.

Yelena gündəliyində bu haqda belə yazırdı: “Birinci fəsilə əlavələr etdi və romanı yenidən başdan oxumağımı istədi. Berliozun cənazəsi fəslini oxumağa başlayanda “Bəsdir, bu qədər bəsdir, deyəsən” dedi və təkrar oxumağımı istəmədi”.

Yazıçı 1940-cı ildə böyrək çatışmazlığından vəfat edir.

Şah əsəri “Master və Marqarita” ölümündən iyirmi altı il sonra – 1966-cı ildə çap olundu.

Fəlakətli yumurtalar…

Bulqakovun bütün həyatı Stalinin “soyuq qılıncı” altında keçsə də, dövrün ən xarakterik yazıçılarından biridir. O illərdə Bulqakov senzura, sürgün, edam, həbs və təhdidlərlə üz-üzə yaşamışdı. Lakin Stalinin 60 illik yubileyi üçün tamaşa hazırlayan Bulqakov rejimə müxalifətdə deyildi. Sadəcə olaraq partiya yazıçısı olmaq əvəzinə kənarda dayanmış bir ədəbiyyat adamı idi. Daha doğrusu, Stalinin dövlət siyasəti xəttinə paralel addımlamadığı üçün kənarda saxlanılmışdı. Səhnələşdiriləndə Stalinin də bəyənərək izlədiyi “Ağ qvardiya”da kommunist qəhrəmanı yer almadığı üçün senzura ilə üzləşmişdi.

Kommunist rejiminin bürokratik təzyiqlərini ironik dillə tənqid edən Bulqakov Stalin rejiminin “ən böyük olmaq” arzusuna “Fəlakətli yumurtalar”ında qeyri-adi bir elm adamının canlıların orqanizmlərindəki inkişaf sürətini artırmaq istəyi fonunda ictimai problem kimi qəhqəhə çəkir.

Bulqakovun “İt ürəyi” romanı da rejimin sərt dillə tənqididir. “Master və Marqarita” isə rejimin “partiya ədəbiyyatı” prinsipinə etiraz edən böyük müxalifət tribunası idi. O bu romanın əsas prinsipini təşkil edən “Əlyazmalar yanmır” ifadəsi ilə də ədəbiyyatın azadlığını simvolizə etmişdi.

Partiya ədəbiyyatı

“Master və Marqarita” rejimin ədəbiyyat anlayışına şeytani dillə etiraz edirdi. Lakin Stalinlə arası məktublaşacaq qədər də soyuq olmayan Bulqakov rejimlə yanaşı addımlamayan yazıçı kimi dövrünün ədəbi mühitindən təcrid edilmişdi. Hətta Bulqakovun ölümündən sonra köməkçisi zəng edərək ailəsi ilə maraqlanmşdı, amma Stalin onu sovet Rusiyasından kənara çıxmasına qadağa qoymuşdu. Stalin və çevrəsinin fikrincə, Bulqakov əks-inqilabçı və SSRİ sərhədlərindən kənarda potensial təhlükəydi.

Çünki Bulqakov açıq formada rəsmi ədəbiyyat dairələrinin senzura və qadağalarını görməzdən gələrək partiya ədəbiyyatı yerinə sənətin müstəqilliyinə yönəlmişdi. Lakin Bulqakovun bütün həyatı özünü Stalinin təbliğatına həsr edən partiya ədəbiyyatının bu təbliğatın qarşısındakı müqavimət cəbhəsində dayanmış sənətçiləri cəzalandırma dövründə başa çatdı.

“Bəlkə Şeytan pis adam deyil”, deyən Bulqakov Şeytan olmadan da yoldan çıxan insanlara qəhqəhə çəkir. Yazıçının bu ironik qəhqəhəsi ustalıqla verilmiş siyasi mesaj idi və bu gülüşün obyekti Stalindən başqası deyildi.

Ən böyük qorxusu

Ölümündən sonra yayımlanan əsərin ən cəlbedici tərəflərindən biri ağır şərtlər daxilində yazılması idi. Bulqakov romanı insanların səbəbsiz yerə gecə saatlarında yoxa çıxdığı bir dövrdə yazmışdı. KQB zabitlərinin çəkmə səsləri hər kəsin yuxusunu ərşə çəkmişdi, bəlkə də bunu nəzərə alanda Bulqakov “Master və Marqarita” və digər əsərlərinin heç vaxt üzə çıxmayacağı ehtimalı ilə də barışmışdı. Lakin Stalin rejiminin hər kəsi yorduğu, əldən saldığı bir dönəmdə qabağa işıq salan bir əsər yarada bilmişdi.

Hər addımın ölüm quyusuna açıldığı bir dövrdə Şeytanın – Stalinin qarşısına əliyalın çıxmaq oyaq iradə, böyük cəsarət və bir o qədər də istedad tələb edirdi. Bəlkə də roman ələ keçsəydi, Bulqakov sağ qalmayacaqdı. Bəlkə bunu özü də bilirdi.

Yazıçının ən böyük qorxusu romanını başa çatdıra bilməmək ehtimalı idi. KQB tərəfindən təhdid edilirdi, işsiz qala bilərdi, üstəgəl səhhəti də yaxşı deyildi və tək qalacağından ehtiyat edirdi. Bir yolla haradasa qabağının kəsiləcəyini düşünürdü. “Ölmədən əvvəl bitir” - əsas düşüncəsi bu idi.

Lakin ölümündən az əvvəl bunu bitirdi. Özünün və Stalinin ölümündən sonra isə “Master və Marqarita” çap olunanda heç bir kitabın qalxa bilmədiyi zirvəyə çatdı.

Yazıçı Viktor Pelevin əsər haqda Sovetlərdə yaşamayan insanların başa düşməyəcəyini demişdi:

“Master və Marqarita”nın sovetə qarşı müxalifətdə dayanması kimi bir səyi yoxdur, amma yenə də sizi buxovlarınızdan azad edir. Bəzi köhnə fikirlərdən azad etmək kimi yox, daha çox bütöv bir nizamın yaratdığı yuxudan oyadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər