“Keçmiş nazirlər Əli Babacan və Əhməd Davudoğlunun quracağı partiya AKP-də istefalara və qopmalara səbəb olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) quruclarından biri Fatma Bostan Ünsal deyib.
O, 2015-ci il parlament seçkilərindən sonra AKP daxilində ciddi fikir ayrılığının yarandığını, həmin dönəmdə baş nazir olan Əhməd Davudoğlunun parlamentdə təmsil olunan siyasi partiyalarla koalisiya hökuməti qurmağa cəhd etdiyini iddia edib. Lakin buna görə Davudoğluna icazənin verilmədiyini diqqətə çatdırıb.
Ünsal Babacan və Davudoğlunun partiya qurmaq planının yeni olmadığını, bunun 4 ildir AKP daxilində gedən qarşıdurmadan qaynaqlandığını söyləyib:
“Mövcud problemlər açıq müstəviyə çıxanda bu, qopmalara səbəb olur. Son olaraq, Mustafa Yeneroğlu da bu səbəbdən istefa verdi”.
AKP-da baş verəcək istefaların dəqiq rəqəmlə açıqlanmasının spekulyasiyalara yol aça biləcəyini deyən Ünsal, Babacan və Davudoğlunun yeni partiyasının ciddi qopmalara gətirib çıxaracağını iddia edib. O, istefa verənlərin arasında deputatların olacağını da istisna etməyib:
“Babacan AKP hökumətinin ən uğurlu nazirlərindən biri olub. Son dərəcə nüfuzlu şəxslərin də onun yanında yer alması çox önəmlidir. Cəmiyyətin də münasibətinə baxanda məlum olur ki, bu prosesin ciddi fundamental əsasları var. Qurulacaq iki siyasi partiyadan sonra AKP-də başlayacaq qopmalar sürpriz olmayacaq.
Bu durum AKP-nin getdikcə zəifləməsinə səbəb olacaq. Prezident idarəetmə sistemində bir faiz səsin də nə qədər önəmli olduğunu gördük. Buna görə də bu proses AKP-nin səs itirməsinə şərait yaradacaq”.
Ünsal qeyd edib ki, yeni qurulacaq partiyalar seçkilərdə 10 faizdən çox səs qazana bilər:
“Bu on faiz səs AKP-nin elektoratından gələcək, bundan sonra AKP-nin hakimiyyəti təkbaşına saxlaya bilməyəcəyini görən deputatlar və elektorat partiya sıralarını tərk etməyə başlayacaq”.
O, Davudoğlu və Babacanın yeni qurduğu partiyalardan təklif gəlmədiyini açıqlayıb.