İranın olimpiya medalı qazanan yeganə qadın idmançısı Kimiya Əlizadə ölkəsini tərk edib.
Teleqraf.com xəbər verir ki, xanım idmançı Hollandiyaya üz tutub.
Tekvando üzrə çempion olan Əlizadə ölkədən getməsinə münasibət bildirib: “İranın əzilən xalqına salam. İranın soy-köklü xalqına vida, hər zaman yas tutan sizlərə baş sağlığı verirəm. Mən İranı tərk edirəm. İki üzlüyün, yalanların, ədalətsizliyin parçası olmaq istəmirəm”.
21 yaşlı idmançı qazandığı medallardan hökumətin siyasi maraqlar üçün istifadə etdiyini iddia edib.
İSNA bildirir ki, Əlizadə Hollandiyaya gedib, məşqlərini bu ölkədə davam etdirəcək və Tokio olimpiyadasında başqa bir ölkəni təmsil edəcək.
Kimiya Əlizadə son aylar İranı tərk edən üçüncü idmançıdır.