İranın paytaxtı Tehranda mühafizəkar qanadın təmsilçiləri Xarici İşlər naziri Məhəmməd Zərifə ABŞ-a yönəlik dialoq çağırışına görə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin binası qarşısında toplaşan bir qrup şəxs Zərifin sanksiyaların aradan qalxacağı təqdirdə ABŞ-la müzakirələrə açıq olduqları barədə açıqlamasına etiraz edib. ABŞ-ın İraqda keçirdiyi əməliyyat nəticəsində öldürülən İran İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymaninin posterlərini tutan nümayişçilər Zərifi istefa çağırıblar.
Aksiya iştirakçıları "Zərif, utan, istefa et", "Məhv olsun ABŞ", "Məhv olsun İngiltərə" şüarları səsləndiriblər.
SEPAH-ın koordinasiya üzrə müavini Məhəmməd Rza Naqdi Besic komandanları konfransında çıxışı zamanı Zərifi tənqid edib.
Onun sözlərinə görə, Süleymaninin öldürülməsinə səbəb ABŞ-la aparılan nüvə müzakirələridr: "Buna rəğmən hələ də müzakirədən danışırlar".