7 Fevral 2020 09:05
5 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən sabahdan bəri var oldum, son ulduz gecədən düşənədək orada olacağam. Mən Qay Kaliqula formasını alsam da, mən kişiyəm, mən insan deyiləm – mən Tanrıyam” – “Kaliqula” filmindən (1979. Tinto Brass).

Əsl adı Qay Yuli Sezar Avqust German olan Roma imperatoru əxlaqsızlığı və qəddarlığı ilə ad çıxarmışdı. O, özünü tanrı, eşq yaşadığı bacısını tanrıça, atını senator elan edərək tarixdə qalıb.

Teleqraf.com Roma imperatoru Kaliqula haqda yazını təqdim edir.

Ən sevimli bacısı Drusilla ilə yatmış və onu hamilə buraxmışdı. Lakin uşağın tanrı olacağı iddiası ilə Drusillanı geri qayıtmayacağı sürgünə göndərdi. Drusilla acından ölmüşdü. Digər bacıları Aqrippina və Lezbiyanı sarayında qurduğu fahişəxanda zorla işləməyə məcbur etmişdi.

Zəngin adamlar, konsullar və senatorları sarayına çağıraraq fahişəxanada bacıları ilə böyük pullar qarşılığında yatmağa məcbur etdi. Eyni zamanda, əmisi Klavdiyonu bacısının qapısında onunla birlikdə olması üçün sırada gözlətdi. Sonra buna görə onu ələ salmışdı. Kaliqulanın özünə görə, ancaq bir tanrı bu qədər qeyri-adi ola bilərdi.

Vergiləri zəngin insanları öldürərək toplayırdı. Pul qazanmaq düşüncəsi ilə romalı qadınlar, onların qızları və yetimləri sarayında qurduğu fahişəxanada işləməyə məcbur edirdi. Həmin fahişəxana – bacılarını seks köləsinə çevirdiyi yer…

Mühafizəçinin arvadı ilə eşq

İngiltərəni ələ keçirmək üçün yarı yolda bundan imtina etdi və əsgərlərinə balıqqulağı toplamaq əmri vermişdi. Hakimiyyətinin sonuncu bir ilində isə tanrıya çevrildiyini iddia edirdi. Bundan sonra insanları ona ibadət etməsi üçün adına məbədlərin inşa edilməsi əmrini vermişdi. Keçəlləşmə kompleksi olan Kalikula yüksək yerdən özünə baxılmasına qadağa qoydu. Bir çox vaxt isə insanlara başlarını təraş etməyə və ya saçlarını qısa kəsdirməyə məcbur edirdi.

İmperatorun mühafizəçilərindən biri Makronun həyat yoldaşı ilə eşq yaşadı. Makronun özünü isə qadın alveri ittihamı ilə intihara məcbur etmişdi. Aslanlarla döyüşdə iştirak etmək üçün məhkum qalmadığı üçün arenada olan insanları vəhşi heyvanlara yedizdirdi.

Qəddar, kinli və qeyri-adi

Qay Yuli Sezar Avqust German Kaliqula bizim eranın 31-41-ci illərdə Roma imperatoru idi. Zalım və ədalətsiz səltənəti imperator qvardiyası tərəfindən öldürüləndən sonra sona çatacaqdı. Artıq Kaliqulanın uydurma bir xarakter olması məsələsi müzakirə olunmasa da, yaxın dövrün tarixçiləri onun sevilən liderdən necə qəddar bir Tirana çevrilməsinin səbəblərini üzə çıxarmağa çalışdılar. Haqqında olan iddialar doğrudursa, onun qəddar, kinli və qeyri-adi bir insan olduğu inkar edilə bilməz.

Gənc Qay böyüyəndə atası onu hərbi düşərgəyə əsgər forması geyindirib gətirirdi. Əsgərlər buna görə ona “Kaliqula” deyirdilər. Kaliqula, “kiçik çəkmələr” deməkdir. Lakin gələcək imperator həmişə bu ləqəbinə nifrət etdi.

“Kleopatra kokteyli”

Kaliqula əsl qızıl sevdalısı idi. Çılpaq ayaqlarıyla qızılların üstündə gəzməyi çox sevirdi. Üzərində həmişə qızıl olurdu. Habelə sarayının divarlarını qızılla örtdüyü tarixi faktlardan bəllidir.

Tarixçi Plini Misir kraliçası Kleopatranın sirkə içində qızıl sırğanı əridib şərabın içində içdiyini yazmışdı. İmperator Kaliqulanın da bu qeyri-adi kokteylin dadına baxdığı iddia edilir. Bu azmış kimi axşam yeməyinin yanında həmişə qızıldan hazırlanmış çörək olurdu.

Kraliyyət qanının qorunması

Kaliqulanın anası Aqrippina xaraktercə sərt və cəsur bir qadın idi. Lakin həmişə atası Germanın yanında gəzdi, onun müşavirliyini etdi. Aqrippina imperatorların anası olmaq arzusundaydı. Oğlu Tiberiyə açıq sevgisini bildirsə də, heç vaxt imperator anası ola bilmədi, daha doğrusu bunu görə bilmədi, sonunda aclıqdan öləcəyi yerə sürgün olundu. Sevimli oğlu tərəfindən…

Tarixçi Qay Svetoniy Trankvilə görə, Kaliqula üç bacısı ilə qadağan olunmuş eşq yaşamışdı. Həmin dövrdə Misir ənənəsini, kraliyyət qanını qorumaq üçün bacılarıyla eşq münasibətləri qurmağa maraq göstərilirdi və eyni şeyi özü həyata keçirdi. Lakin sonrakı tarixçilər bu haqda bəhs etmədilər. Bir çox mənbə bu iddianın şişirdilməsi ilə həmfikirdir.

Dəyərsiz həyatlar

Kaliqula özü üçün məbəd inşa etdirmişdi. Məbəddə özünə bənzəyən qızıldan hazırlanmış heykəllər var idi. Həmin illərdə Romanın ən zəngin vətəndaşları ona qeyri-adi hədiyyələr gətirirdi. Hədiyyələr arasında flaminqolar, tovuz quşları və digər ekzotik heyvanlar vardı.

Tarixçilərin hamısı Kaliqulanın insan həyatına dəyər vermədiyi fikrini dəstəkləyir. Haqqında yazılan bir qeyddə bildirilir ki, bir çəkiclə buğanı başından vurub öldürməli, Tanrıya qurban etməli idi. Amma imperator son anda geri dönərək çəkici rahibin başına vurdu. Rahibin dəhşət içində ölməsinə güldü.

Senator at

İmperator Oktavian Avqust öləndə Kaliqula doğuldu. Avqust öz yerinə Kaliqulanın atası Germanın keçməsini vəsiyyət etmişdi, mirasçı isə ögey oğlu Tiberi idi. Lakin hakimiyyəti ələ keçirən Tiberi Germanı sağ qayıtmayacağı bir missiyaya göndərdi. Germanın ölümünü Tiberinin planlaşdırdığına inanılır.

Anası Tiberini Germanı öldürməkdə ittiham etdi və intiqam arxasınca qaçmağa başladı. Lakin Aqrippina sürgün edildiyi adada aclıqdan öldü, iki qardaşı həbs olundu. Onlardan biri də aclıqdan öldü, digər intiharla. Bütün bu xaotik dövrdə Kaliqula uşaqdı, nənəsi Liviya ilə birlikdə yaşamağa göndərildi.

Kaliqulanın sayğı duyduğu yeganə varlıq Atkitatus idi – sevimli atı. Atı üçün mərmər axur inşa etmişdi və öz evini vermişdi. Kaliqula öz gücünün ifadəsi kimi atını senator təyin etməyi planlaşdırmışdı, amma bundan əvvəl Atkitatus öldü.

Qadın kimi geyinmək

Kaliqulanın öz ləqəbini sevmədiyi məlumdur və özü üçün çox sevdiyi bir ad seçdi, özünü “Yupiter-Roma kralı” adlandırırdı. Özünün tanrı olduğuna inanırdı, buna görə tanrı kimi geyinməkdən də xoşlanırdı.

Kaliqula libasları üçün böyük pullar xərcləyirdi, ən gözəl libaslara sahib idi. Xüsusən ipək və bəzəkli libaslara üstünlük verirdi. Tanrılar Neptun və Yupiter kimi geyinməyi, onları təqlid etməyi sevirdi. Bəzən bir qadın, yaxud Diana, Afrodita və Yunona kimi qadın tanrıçalar kimi geyinirdi. Çox sayda qadın ayaqqabısı və zinyət əşyaları kolleksiyası vardı. Bir sıra tarixçilər Kaliqulanın xərclərinin Roma xəzinəsini tamamilı boşaltdığını iddia edir.

Roma vətəndaşlarının xoşbəxtlik dövrü

Kaliqula Roma imperatoru olanda xalqın böyük ümidləri vardı. Atasına bənzər xarakterinə və uşaqlığına böyük sevgi duyulurdu. Hakimiyyətinin lap əvvəlində xalqın bu ümidləri doğrulandı, haqsız yerə həbs edilmiş vətəndaşları azad etdi, əsgərlərə pul payladı, vergilərin əksəriyyətini ləğv etdi. Romalı tarixçi Pilo bu altı ayı “xoşbəxtlik” adlandırdı.

Amma səltənətinin sonrakı illərində Kaliqula Senat üzvlərini hər fürsətdə təhqir edirdi. Tarixçilərə görə, 39-cu ildə Senatın icazəsi olmadan bütün konsulları geri çağırdı. Habelə senatorları döyüş arabalarının yanında qaçmağa məcbur edirdi.

Roma imperatorları arasında ilk sui-qəsdlə öldürülən Kaliqula idi. Olimpiya oyunları zamanı imperator qvardiyası tərəfindən boğazı kəsilərək, 30 dəfə bıçaqlanaraq öldürüldü. Arvadı və qızı da edam edildi.

Qanlı oyunlar

O illərdə qladiator oyunları sadəcə ictimai-siyasi etibar üçün deyildi, eyni zamanda Romanın ədalətinə də xidmət edirdi. Cinayətkarlar və kölələr bu əyləncə üçün qurban edilirdi. Kaliqula dövründə isə bütün vətəndaşlar risk altında idi. Bir dəfə Kaliqula qladiator oyunlarından əvvəl bu oyunlarda həlak olan cinayətkarları razı salmaq üçün qanlı tamaşanı izləməyə gəlmiş insanların böyük əksəriyyətini vəhşi heyvanlara yedizdirdi.

Kaliqula digər insanlar kimi yəhudilərə qarşı da çox qəddar idi. Çünki onların ibadətlərinin səmimi olmadığına inanırdı. Yəhudilər ona qarşı qiyam qaldırmaq istəyəndə Qüdsdəki bir yəhudi məbədinə öz heykəlinin qoyulmasını əmr etdi. Lakin qiyam qaldırmaq istəyən yəhudilər onunla razılaşıb bu fikrindən daşındırdı.

Tanrılarla savaş

Kaliqula haqda ən ilginc əfsanələrdən biri tanrı Neptunla savaşa girməsi ilə bağlıdır. İddiaya görə, imperator tanrı üzərində qələbə qazanmadan Romaya qayıtmayacaqdı. Bu səbəbdən Neptuna qarşı savaş elan etdi və döyüşçülərə dənizin dalğalarını qırmanclamağı əmr etdi. Döyüşün sonunda isə sahildəki balıqqulaqları qənimət kimi götürüldü. Bu hadisə imperatorun İngiltərəyə hücumunda baş vermişdi.

Kaliqula sadəcə bir tanrı olmaq istəmirdi, eyni zamanda onlarla danışmaq istəyirdi. İddiaya görə, gecələr Ayla danışırdı və onu yatağına dəvət etmişdi. Eyni zamanda Yupiterlə danışdığı və onu təhdid etdiyi deyilirdi. Okeanın ruhunun yatmadığı vaxt onunla danışdığını iddia edirdi.

Tarixçilərə görə, Kaliqula ildırımdan qorxurdu. İldırım çaxanda başına dəfnə yarpaqlarından hazırlanmış çələng qoyurdu. Çünki o, ildırımın dəfnə ağacını vura bilmədiyinə inanırdı.

Sonsuz nifrət

Kaliqulanın yanında həmişə iki qeydiyyat dəftəri olurdu. Bura işgəncə verəcəyi və edam edəcəyi adamların adlarını yazırdı.

Səltənətinin sonuna yaxın Roma xalqı ona nifrət edirdi. Vətəndaşlar ona qarşı kütləvi etirazlara başlamışdı. Senatda ona qarşı gizli sui-qəsd qrupu qurulmuşdu. 41-ci ildə Kassius boğazını arxadan kəsdi, qalanları isə ona 30 bıçaq zərbəsi endirdi. Kaliqula öləndən sonra da Senat onun adını Roma tarixindən silməyə cəhd edəcək qədər nifrət edilirdi. Öldükdən sonra heykəlləri dağıdıldı, əlyazmaları və fərmanları yandırıldı, üzərində şəkli olan sikkələr dövriyyədən çıxarıldı.

Kaliqula çox pis və qorxunc bir yumor duyğusuna sahib idi. Bir gün senatorlarla axşam yeməyində gözlənilmədən qəhqəhə çəkdi. Bunun səbəbi soruşulanda belə cavab verdi: “Hamınızın boğazınızın kəsildiyini düşündüm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər