Türk media tarixinin əhəmiyyətli simalarından olan Abdi İpəkçinin qatili olan, daha sonra Papaya sui-qəsd edən Mehmet Ali Ağça ingilis mediasının gündəminə düşüb.
Teleqraf.com xəbər verir ki, Papa II Paula sui-qəsd təşkil edən Ağça ilə “Mirror” qəzetinin əməkdaşları İstanbulda yaşadığı evdə görüşüblər.
62 yaşlı Ağça gününü küçə heyvanlarına baxmaqla keçirir və sui-qəsd etdiyi Papanın sağ qalmasından duyduğu rahatlığı dilə gətirir.
1981-ci ildə Papaya sui-qəsdlə dünyanı şoka salan Ağça hadisəni tale və qəza-qədər kimi qiymətləndirir: “Papanın həyatda qalması da bir qəza-qədərdir. Ölmədiyi üçün çox xoşbəxtəm. Papa mənim üçün qardaş kimi olmuşdu. 2005-ci ildə vəfat edəndə qardaşımı, sanki ən yaxın adamımı itirdiyimi hiss etdim”.
Sui-qəsd zamanı 23 yaşında olduğunu xatırladan Ağça deyib ki, Papanı necə vurduğunu hər gün olmasa da, tez-tez düşünür: “Mən artıq yaxşı bir insanam və həyatımı düzgün formada yaşamağa çalışıram”.
Ağça ingilis mediasına deyib ki, Papaya sui-qəsddən əvvəl onun Edit adlı ingilis qızla dost olub: “Biz onunla 1980-cı ildə Tunisdə oteldə tanış olmuşduq. O zaman mən saxta pasportla Fərrux adı ilə Tunisə səyahət etmişdim. Həmin xanım məndən 6-7 yaş böyük idi, marketdə işləyirdi. Papanı vuracağımı o zaman qərarlaşdırmışdım, amma qıza demədim. Bəzən o qızın harda olduğunu maraq edirəm”.
Hazırda kitablardan əldə etdiyi gəlirlər yaşadığını bildirən Ağça başına gələnlərdən film çəkilməsini istədiyini də bildirib: “Yaşadanları anladan bir film və ya sənədli filmin çəkilməsini istəyirəm. Ümid edirəm ki, Hollivudda buna maraq göstərərlər”.
Mehmet Ali Ağça 1979-cu ilin 1 fevarılında "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. Həmin ilin noyabrında hərbi həbsxanasından qaçırılıb.
13 may 1981-ci ildə Vatikanda Papa II İoann Paveli tapança ilə vurub. Papa bu sui-qəsddən yaralı xilas olub. İtaliyada ömürlük həbsə məhkum edilib.
18 yanvar 2010-cu ildə təxminən 30 il həbsxanada yatandan sonra 52 yaşında həbsxanadan çıxıb.
Onun həbsxanada xristianlığı qəbul etdiyi barədə xəbərlər yayılıb.