Rusiya Prezidenti Vladimir Putin tərəfindən Yaponiyanın şimalındakı Akita prefekturasının qubernatoru Norixise Satakeyə hədiyə olunan “Sülh” ləqəbli Sibir pişiyi koronavirusun yayılması səbəbindən karantinə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a qubernatorun özü məlumat verib.
Onun sözlərinə görə, koronavirusun insanlardan heyvanlara keçməsi aşkara çıxarıldığı üçün canlını infeksiyadan qorumaq məqsədilə onu təcrid etmək qərarına gəliblər.
“İndi biz elə etdik ki, “Sülh” bizim ailə üzvlərindən başqa heç kimlə ünsiyyət qurmasın. İnsanların və heyvanların əziyyət çəkməsinə səbəb olan hazırkı vəziyyətin tezliklə başa çatacağına çox ümid edirik”, – deyə qubernator bildirib.
O, həmçinin qeyd edib ki, “Sülh” evdə yaşayan digər 6 pişiklə yaxşı münasibət qurur, sakit davranış nümayiş etdirir və yaxşı iştahı var. “Bu mənim üçün xüsusi bir varlıqdır. Onu üzünü görəndə mənim ruhum dincəlir”, – Norixise Satake deyib.
Qeyd edək ki, 2011-ci ildə Yaponiyada güclü zəlzələ və sunami baş vermiş, Rusiya bundan sonra sözügedən ölkəyə köməklik etmişdi. Bu köməkliyi qiymətləndirməyin əlaməti kimi Akita prefekturasnın qubernatoru Norixise Satake V.Putinə akita-inu adlı yapon cinsli küçük hədiyyə etmişdi. Putin isə qubernatora 2012-ci ilin fevralında mavrı bağışlamışdı. Seçim pişiyin xeyrinə edilmişdi, çünki qubernator bundan əvvəl pişikləri itlərdən daha çox sevdiyini etiraf etmişdi.
“Sülh” Yaponiyaya gəldikdən sonra Tokionun “Narita” Beynəlxalq Hava Limanının xüsusi zonasında altı aylıq karantində keçməli olmuşdu. Yalnız bundan sonra qubernator onu evinə götürməyə müvəffəq olmuşdu.