BMT-nin Qaçqınlar üzrə agentliyi (BMT QAK) dünya ölkələrinə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, milyonlarla qaçqın və münaqişələr, təqiblər və ya ictimai asayişi ciddi şəkildə pozan hadisələr səbəbindən didərgin düşmüş digər insanlar üçün yaşayış yeri tapılmasında daha çox səy göstərsinlər. Bu gün açıqlanan hesabat göstərir ki, hazırda zorla didərgin salınma halları bəşəriyyətin 1 faizdən artıq hissəsini (hər 97 nəfərdən birini) əhatə edir və evlərini tərk edənlərin getdikcə daha az qismi evlərinə qayıda bilir.
Teleqraf.com xəbər verir ki, 20 iyun Ümumdünya Qaçqınlar Günündən iki gün öncə açıqlanan BMTQAK-ın “Qlobal tendensiyalar”adlı illik hesabatı göstərir ki, 2019-cu ilin sonunadək misli görünməmiş sayda – 79,5 milyon insan didərgin düşüb.
BMTQAK heç vaxt belə yüksək rəqəmin şahidi olmayıb.
Hesabatda həmçinin qeyd edilir ki, acınacaqlı talelərinə tezliklə son qoyulacağı ümidi ilə yaşayan qaçqınların qayıdış pespektivləri azalıb. 1990-cı illərdə hər il orta hesabla 1,5 milyon qaçqın evinə qayıda bilirdi. Son onillikdə bu rəqəm təxminən 390 minə enib, bu isə o deməkdir ki, bu gün didərginlik hallarının artımı qayıdışların sayını xeyli üstələyir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, bu gün zorla didərgin salınma halları nəinki geniş yayılıb, həm də sadəcə olaraq artıq qısamüddətli və müvəqqəti hal deyil: “İnsanlar evlərinə qayıtmaq şanslarının və ya olduqları yerdə gələcəklərini qurmaq ümidlərinin olmadığı didərginlik durumunda uzun illər yaşaya bilməzlər. Yurdlarını tərk edənlərə münasibətdə bizim tamamilə yeni və daha genişqəlbli yanaşmamıza və eyni zamanda illərlə davam edən və bu cür geniş iztirabların kökündə duran münaqişələrin həllində daha çox qətiyyətlilikgöstərməyimizə ehtiyac var”.
BMTQAK-ın “Qlobal tendensiyalar” adlı hesabatı göstərir ki, ötən ilin sonunadək didərgin düşən 79,5 milyon nəfərdən 45,7 milyonu öz ölkələri daxilində başqa ərazilərə köçənlər olub. Qalanları isə başqa ölkələrə köç edənlərdir, onlardan 4,2 milyonu sığınacaq üçün müraciətlərinin nəticəsini gözləyirlər, 29,6 milyonu isə qaçqınlar (26 milyon nəfər) və ölkəsindən zorla didərgin salınan digərləridir.