“Milli Təhlükəsizlik Xidmətinin partiyamızdan olan millət vəkillərinin evlərində apardığı axtarışlar zamanı kompüterlər və telefonlar, o cümlədən, uşaq telefonları da müsadirə edilib”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan deyib.
“Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bir sıra millət vəkillərinin və “Çiçəklənən Ermənistan” Partiyasının nümayəndələrinin evlərini və ofislərini talan ediblər. Onlar təkcə kompüter və telefonları deyil, həm də uşaq telefonlarını müsadirə ediblər”, - Zohrabyan bildirib.
Onun sözlərinə görə, hakimiyyət siyasi qüvvələrə qarşı qisas almaq əvəzinə, ölkədəki acınacaqlı vəziyyətlə mübarizə aparmalıdır.
Zohrabyan məhkəmənin siyasi əmri yerinə yetirməyəcəyinə, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Sarukyanı həbs etməyəcəyinə ümid etdiyini söyləyib.
Bu gün İrəvan məhkəməsi “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qagik Sarukyanın iki ay müddətinə həbs olunması tələbi ilə davam edəcək.
Ermənistan parlamenti iyunun 16-da gizli səsvermə yolu ilə Sarukyanın həbs olunmasına razılıq verib. Baş prokuror Artur Davtyan təqdim olunan ərizələr əsasında 2017-ci ildə keçirilən parlament seçkilərində seçicilərə rüşvət verməkdə ittiham olunan Qagik Sarukyanın azadlıqdan məhrum edilməsini istəyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Sarukyanla bağlı üç fərqli cinayət işinə başlayıb.
Sarukyan iyunun 15-də partiyanın siyasi şurasının iclası zamanı Ermənistan hökumətinin tərkibinin 100 faiz dəyişdirilməli olduğunu bildirmişdi.
Onun sözlərinə görə, hökumətin hazırkı tərkibi və quruluşu inqilabi dəyişiklikləri həyata keçirmək iqtidarında olmadığından, əvvəlcədən verdiyi vədləri yerinə yetirmək üçün ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmir.
Buna cavab olaraq “Mənim Addımım” parlament fraksiyasının rəhbəri Lilit Makunts bəyan etdi ki, hazırkı şəraitdə Ermənistan hökumətinə qarşı təbliğat aparmaq xəyanətə bərabərdir.