Ermənistan Baş naziri Nikol Paşinyan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, tərəflər arasında Ermənistan-Azərbaycan sərhədlərində baş verən son silahlı qarşıdurma müzakirə olunub.
Münaqişənin dinc yolla həllinin tərəfdarı olduqlarını bildirən Ermənistan baş naziri sülhə alternativin olmadığını söyləyib.
Azərbaycandan BMT rəhbərinə şikayət edən işğalçı ölkənin hökumət başçısı yenə də ənənəsinə sadiq qalaraq, baş verən son təxribat hadisələrinin məsuliyyətini üzərindən atmağa cəhd göstərib.
O, hazırkı vəziyyətdə ATƏT-in monitorinq imkanlarının genişləndirilməsinin və bu məsələ ilə bağlı mövcud razılaşmaların həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.
BMT baş katibi bölgədəki son durumdan narahatlığını ifadə edərək, gərginliyin azaldılması üçün təcili tədbirlərin görülməsinin, o cümlədən atəşkəs rejiminin möhkəmləndirilməsinə yönəlmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Antonio Quterreş ATƏT-in Minsk qrupunun həmsədrliyini dəstəklədiyini bir daha təsdiqləyib.
Əlavə edək ki, iyulun 12-də Tovuz istiqamətində Azərbaycanın mövqelərinə qarşı təxribata əl atan Ermənistan rəhbərliyinin indi “sülh göyərçini” obrazını canlandırması təsadüfi deyil. Döyüşlərin davam etdiyi dörd gün ərzində onlarla hərbçisini itirdi, çox sayda hərbi texnikası sıradan çıxarıldı. Bu fonda müttəfiqlərindən dəstək ala bilməməklə yanaşı, dünyanın ən nüfuzlu dövlətlərinin qınaq obyektinə çevrildi.