Belarus Ali Sovetinin keçmiş sədri Stanislav Şuşkeviç ölkədə rus dilinin statusunu dəyişdirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Belarus mediasına açıqlamasında bildirib.
Şuşkeviç hesab edir ki, ölkənin yeganə dövlət dili Belarus dili olmalıdır, rus dili bu statusdan məhrum edilməlidir: “Ruslarla heç bir qarşıdurma yoxdur, heç vaxt millətlərarası çəkişməmiz olmayıb. Ancaq biz həmişə belaruslu olmaq istəyirik. Dilimizi sıxışdıranlar həm də mədəniyyətimizi sıxışdırırlar”.
Siyasətçi dövlət dili olaraq Belarus dilinə keçidin çətin və uzun olacağını qeyd edib.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifəti rus dilinə qadağa tətbiq etmək niyyətində ittiham etmişdi.
Belarusda rus dili 1995-ci ildən dövlət dilidir. Daha sonra ölkədə referendum keçirildi, vətəndaşların 83.3 faizi ölkənin iki dildə danışmasının konstitusiyada möhkəmləndirilməsi təşəbbüsünü dəstəklədi. 2009-cu ildə Belarusda əhalinin son siyahıya alınmasına görə, vətəndaşların 70 fazi evdə ünsiyyət dili olaraq rus, 23 faizi belarus dilindən istifadə edir.