Çində hazırlanan COVID-19 əleyhinə vaksin klinik sınaqların üçüncü mərhələsində müsbət nəticə göstərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, koronavirusa qarşı peyvənd hazır olan kimi onun istifadəsinə başlanılacaq və Çin inkişaf edən ölkələrdə vaksinin əlçatanlığını və qiymətinin ucuzluğunu təmin etmək üçün öz töhfəsini verəcək.
“Çin və Birləşmiş Ərəb Əmirlikləri bütün sahələri əhatə edən strateji tərəfdaşdırlar. Epidemiya dövrü ərzində hər iki tərəf bu virusla mübarizədə ümumi səy göstərib. Hazırda ölkələrimiz peyvənd sınaqlarının üçüncü mərhələsini həyata keçirir. Çin və Birləşmiş Ərəb Əmirlikləri dünyada ilk dəfə olaraq vaksinin üçüncü sınaq mərhələsinə başlayıb və artıq müsbət nəticələr əldə edib”, - deyə diplomat bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Birləşmiş Ərəb Əmirlikləri altı həftəlik klinik sınaqlardan sonra Çinin “Sinopharm CNBG” əczaçılıq kompaniyasının hazırladığı vaksinin “təcili istifadəsinə icazə verib”. İyul ayında Birləşmiş Ərəb Əmirliklərinin mütəxəssisləri çinli həmkarları ilə birgə COVID-19-a qarşı vaksinin klinik sınaqlarının sonuncu – üçüncü mərhələsinə başlayıblar.