İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin koronavirusla mübarizə ilə bağlı iclasında çıxış edib.
Teleqraf.com xəbər verir ki, Benyamin Netanyahu deyib:
“Nazir həmkarlarım, mən bilirəm ki, gecdir, amma həqiqət anı gəldi. Koronavirusun ikinci dalğası dünyanın bütün ölkələrini, o cümlədən bizi də vurur. İsraildə yoluxanların, ağır xəstələrin və təəssüf ki, ölüm hallarının sayı artır. Son iki gündə dərhal sərt tədbirlər görülməsə, uçurumun kənarında olacağımızı söyləyən mütəxəssislərin qiymətləndirmələrini eşitdik.
İsraillilərin həyatını xilas etmək üçün cümə günündən başlayaraq Simxat Tora bayramının sonuna qədər (oktyabrın 9-dək) davam edəcək iki həftəlik tam karantin elan etməliyik.
Bundan sonra daha iki həftəlik karantin olacaq, ümid edirəm ki, bu karantin çox da sərt olmayacaq, amma əvvəlcədən deyirəm: hər şey yoluxmanın nisbətindən asılıdır. Situasiya imkan verən kimi biz normal həyata qayıdacağıq. Məqsəd yoluxmanın tempini azaltmaq və bir çox israillinin həyatını qurtarmaqdır”.
Benyamin Netanyahunun fikrincə, pandemiya zamanı yoluxma və ölüm hallarına fikir vermədən iqtisadiyyatın zərər görməməsi üçün işə davam etməyin mümkün olduğunu düşünənlər yanılırlar: "Biz liderlər olaraq həyatı xilas edəcək sərt qərarlar verməliyik. Biz ölümdən qaça biləcəyimizi bildiyimiz halda bunun üçün heç nə etməyə bilmərik”.
Son sutka ərzində İsraildə rekord sayda – 7 min yoluxma hadisəsi qeydə alınıb.
Bu gün səhər İsrail hökuməti karantin tədbirlərinin sərtləşdirilməsini təsdiqləyib.