Türkiyə baş nazir Əhməd Davudoğlu ilk dəfə ölkəsinin Suriyada yarada biləcəyi təhlükəsiz bölgələrinin adlarını açıqlayıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Davudoğlu “Əl-Cəzirə-Türk” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, təhlükəsizlik zonaları əhalinin sıx məskunlaşdığı bölgələrdə yaradılmalıdır: “Məsələn belə yerlərdən birinin Hələbin şimalında yaradılması vacibdir. Çünki Hələbə həm rejim qüvvələrinin, həm də “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının hücumları var. Bundan əlavə Türkiyə ilə sərhəddə yerləşən İdlibdə, həmçinin Lazkiyənin şimalında, Hasekedə, Cerablusda, Kobanidə təhlükəsiz yerlərin yaradılması lazımdır”.
Davudoğlu təhlükəsiz zonaların Suriyada humanitar böhranın qarşısını alacağını da qeyd edib.
O, həmçinin Türkiyənin heç bir zaman bufer zona məsələsinə toxunmadığını, Suriyada təhlükəsiz zona yaradılması ilə bağlı təkliflər verdiyini deyib: “Bufer zona dedikdə bu hərbi məna daşıyır. Yəni ki, bununla bir ölkədən digər ölkəyə keçid zonası yaradılmış olur. Suriya bizim dostumuzdu. Onun torpaqlarında gözümüz yoxdur. Biz elə bir region istəyirik ki, orada insanlar özlərini təhlükəsiz hiss etsinlər”.
Davudoğlu Suriyada Türkiyəyə gələn qaçqınların məsələsini də diqqətə çatdırıb. O bildirib ki, hazırda Türkiyədə 1 milyon 800 min qaçqın var: “Bunlardan 1 milyon 600 mini Əsəd rejimindən və yalnız 200 mini İŞİD-dən qorunmaq üçün yerlərindən köçüblər. Bu rəqəmlərə baxdığında İŞİD məhv edildikdən sorna, Suriya xalqının təhlükəsizliyi tam təmin olunmayacağı açıq şəkildə görünür”.
Baş nazir BMT-ni də tənqid edib: “Təhlükəsizlik zonasının yaradılması BMT-nin vəzifəsidir. Ancaq buna baxmayaraq, BMT 3 ildən çoxdur ki, bununla bağlı qərar verə bilmir. Buna səbəb BMT-nin qarşısındakı bəzi vetolar göstərilir. Əgər onlar qərar versə, koalisiya qüvvələri müəyyən tədbirlər həyata keçirə bilər. Buna bariz nümunə kimi 90-cı illərdə İraqdakı vəziyyəti göstərmək olar. Əgər belə ərazi yaradılsa, Türkiyə Suriyaya hər cür yardım etməyə hazırdır”.
Davudoğlu hava hücumlarının yalnız İŞİD-i müvəqqəti zəiflətmək gücündə olduğunu və quru hərəkatının vacibliyini söyləyib.
Samir