22 Oktyabr 2020 23:25
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) bu il arakanlı müsəlman qaçqınlara humanitar yardım və inkişaf dəstəyi üçün 96 milyon avro köçürüb.

Teleqraf.com xəbər verir ki, Aİ Komissiyası Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK), ABŞ və İngiltərə ilə birlikdə Arakan müsəlman qaçqınlar üçün beynəlxalq donor konfransının keçirildiyini açıqlayıb.

Məlumatda qeyd olunur ki, qaçqınlara, eləcə də ev sahibi icmalara sağlamlıq və qidalanma kimi məqsədlərlə istifadə edilməsi üçün 51,5 milyon avroluq humanitar yardım göstərilib. Eyni zamanda təhsil, sağlamlıq və qidalanma sahələrində əlavə 39 milyon avro inkişaf dəstəyi verilib. Həmçinin bölgədə sabitliyin təmin edilməsi üçün 5,5 milyon avro ayrılıb.

Qeyd edək ki, Myanmada 1982-ci ildə qəbul edilən qanunla vətəndaşlıq hüquqlarını itirən Arakan müsəlmanları dövlətsiz sayılır.

Hazırda 135 fərqli etnik qrupun rəsmi olaraq tanıdığı Myanmada radikal millətçi buddistlər Arakan müsəlmanlarının tanınmasına qarşı çıxırlar.

2017-ci il avqustun 25-də Arakandakı sərhəd zastavalarına eyni vaxtda edilən hücumlara istinad edən Myanma ordusu və buddist millətçilər kütləvi şiddət aksiyasına başlamışdı.

BMT-yə görə, 2017-ci ilin avqustundan sonra Arakandakı zülm və işgəncədən qaçaraq Banqladeşə sığınanların sayı 900 minə çatıb. BMT və beynəlxalq insan haqları təşkilatları Arakan müsəlmanlara qarşı şiddəti etnik təmizləmə və ya soyqırım adlandırıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər