Suriyanın Kobani şəhərində İŞİD yaraqlılarını bombardıman edən ABŞ qırıcıları səhvən kürd hədəflərini də vurub. Teleqraf.com-un Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə xəbər yayan kürdlərə aid “Rudaw” saytı bildirib ki, bu səhv nəticəsində azı 6 kürd yaraqlısı dünyasını dəyişib.
YPG (Yekineyen Parastina Gel – Xalqçı Mühafizə Birlikləri) adlı partizan hərəkatının sözçüsü İdris Nassan xəbəri təsdiqləyərək, 1 mülki sakinin öldüyünü söyləsə də, yaralılar barədə məlumat verməyib.
Kobaninin üçdə birinin İŞİD terrorçularının nəzarətində olduğunu deyən Nassan yardım olmadığı üçün çətinliklərlə üzləşdiklərini, dərman çatışmazlığına görə, yaralıların öldüyünü bildirib.
Qeyd edək ki, rəsmi Vaşinqton son 24 saat ərzində Kobanidə və ümumilikdə İraqda 38 İŞİD hədəfinin bombardıman edildiyini açıqlayıb. Pentanqonun məruzəçisi Con Kirbi isə bombardıman zamanı yüzlərlə terrorçunun məhv edildiyini bildirib.