6 ildən çoxdur Duxoq şəhərində İraq Kürd Regional Rəhbərliyinin hakimiyyəti altında yaşayan Sincar sakinləri Bağdad və Ərbil arasında əvvəllər imzalanan normallaşma müqaviləsinin həyata keçirilməsini, PKK terror təşkilatı və Həşdi əl-Şabi qüvvələrinin Sincardan çıxarılmasını istəyib.
Teleqraf.com xəbər verir ki, sincarlılar bu tələblə şəhərdə etiraz aksiyalarına başlayıblar.
Sincarlılar “PKK-nın gəncləri oğurlayaraq hərbi düşərgələrə aparmasını qəbul etmirik”, “Bağdad və Ərbil arasındakı Sincardakı vəziyyətlə bağlı əldə edilmiş anlaşmanın yerinə yetirilməsini istəyirik” kimi tələblərini dilə gətiriblər. Bağdad və Ərbili bölgədə gedən proseslərə müdaxilə etməyə çağırıblar.
Nümayişdə iştirak edənlər PKK və Həşdi əl-Şabinin bölgədən çıxarılmasını tələb ediblər.
Bir çox sincarlı PKK və digər silahlı qrupların təzyiqləri və təhdidləri üzündən evlərinə dönə bilmədiklərini dilə gətirib.
Bağdad və Ərbil arasındakı mübahisəli ərazilərdəki ərəb qəbilələrinin sözçüsü Müzahim əl-Hüveyd Türkiyəyə müraciət edərək, PKK terror təşkilatını bölgədən uzaqlaşdırmaq üçün əməliyyatlara başlamağa çağırıb.