“ABŞ Prezidenti Donald Tramp noyabrın 12-də Oval Ofisində baş məsləhətçiləri ilə iclas keçirib. Hazırkı və keçmiş ABŞ administrasiyası rəsmilərinin dediklərinə görə, o, önümüzdəki həftələrdə İranın Natanzdakı ən böyük nüvə obyektinə hərbi hücum ehtimalı ilə maraqlanıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” rəsmi mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, mənbələr görüşün beynəlxalq müfəttişlərin İranda zənginləşdirilmiş uranın miqdarında əhəmiyyətli bir artım olduğunu deməsindən sonra keçirildiyini söyləyiblər.
Məlumata görə, ABŞ rəhbərliyinin yüksək vəzifəli şəxsləri Prezident Trampı belə bir qərarın nəticələri barədə xəbərdar ediblər. İrana qarşı mümkün hücumla bağlı iclasda vitse-prezident Mayk Pens, Dövlət katibi Mayk Pompeo, müdafiə naziri səlahiyyətlərini icra edən Kristoper Miller və Baş qərargah rəisi Mark Milley iştirak edib.
Pompeo və Milley potensial risklər barədə fikirlərini təqdim etdikdən sonra iclas raket hücumu ehtimalının proqramdan xaric edilməsinə qərar verib.
Qəzetin mənbələri Trampın hələ də İranın uran ehtiyatlarındakı artımına cavab vermə, Tehranın və müttəfiqlərinin İraqdakı mövqelərini hədəf alma imkanları üzərində işlədiyini göstərir.
Ağ Ev rəsmiləri mövzu ilə əlaqədar açıqlama verməyib.