Hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Misirin keçmiş prezidenti Məhəmməd Mursi barəsində aparılan mühakiməni rədd edib.
Teleqraf.com-un məlumatına görə, hələ də özünü Misir prezidenti hesab edən keçmiş lider mühakiməni qanunsuz adlandırıb: “Mən hələ də bu ölkənin prezidentiyəm. Məhkəmə konstitusiyaya zidd olduğu üçün, iddiaya baxmağa səlahiyyəti olmadığı üçün mən bu məhkəməni tanımıram”.
İddiaya baxan Qahirə Cəza Məhkəməsində çıxış edən Mursi ötən iclasda keçmiş Dövlət Təhlükəsizlik idarəsinin başçısı general-leytenant Həsən Əbdürrəhmanın şahid olaraq iştirak etməsini pisləyib:
“Əbdürrəhman keçmiş prezident Hüsnü Mübarəkin qarovulunda son 15 il ərzində seçkilərdə qanunsuzluğa yol verib. Əsl mühakimə olunmalı adam odur. Misir vətəndaşı və prezident olaraq əsl mühakimə olunması lazım olan adamın Əbdürrəhman olduğunu söyləmək istəyirəm. İnsanların azad iradələrinə yalan qatan odur. Onun şahidliyi əsla qəbul edilə bilməz. O məhkəməyə ancaq şübhəli qismində gətirilməlidir”.
Çıxışında Misir xalqına səslənən Mursi xalqı mübarizəyə səsləyib: “Qətiyyətinizi göstərin. Hərbi hökumət devriləcək. Əbdürrəhman və tərəfdarları tarixin zibilliyinə atılacaq”.
Xatırladaq ki, eksprezident 25 Yanvar 2011-ci ildə prezident Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən xalq inqilabı zamanı "11 həbsxana və polis bölməsinə hücum, 3 zabiti qaçırmaq " ittihamları ilə mühakimə olunur.