“Kənardan heç kim ölkəyə ərazi verməyib. Xalqımız yüz illər boyunca bu ərazilərdə yaşayıb”.
Teleqraf.com xəbər verir ki, sözsügedən fikirlər Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin “Egemen Qazaxıstan” qəzetində yayımlanan məqaləsində qeyd edilib.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Təhsil və elm komitəsinin sədri Vyaçeslav Nikonov televiziya kanallarından birindəki çıxışı zamanı Qazaxıstan ərazilərinin Rusiyanın böyük hədiyyəsi olduğunu bildirib.
Komitə sədrinin bu açıqlamasından dərhal sonra Qazaxıstan Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiyanın müvəqqəti işlər vəkili Aleksand Komarova etiraz notası təqdim edilib.
Rəsmi Nursultanın bu addımından sonra növbəti açıqlama verən dumanın komitə sədri Vyaçeslav Nikonov izahat verərək fikrinin yanlış anlaşıldığını, əslində isə Qazaxıstan SSRİ sərhədlərinin müəyyənləşdirilərkən ölkənin maraqlarına tam hörmət göstərildiyini demək istədiyini bildirib.
Bütün bunlardan sonra Prezident Tokayevin imzası ilə yayımlanan məqalədə Qazaxıstanın əsas xəzinəsinin əcdadlardan miras qalan müqəddəs torpaqlar olduğu elan edilib.
Prezident məqaləsində qeyd edib ki, heç kim kənardan qazaxlara belə böyük bir ərazi verməyib:
"Tariximiz 1991 və ya 1936-cı illərlə ölçülmür”.
Qazax xalqının bu torpaqlarda Qızıl Orda, Türk xanlığı, Hunlar və Saklar zamanı da yaşadığına vurğu edən Prezident Tokayev ölkənin ərazi bütövlüyünə şübhə edən və mehriban qonşuluq münasibətlərini tənqid edən şəxsləri təmkinli davranmağa səsləyib.
“Biz milli maraqları hər vasitə ilə qorumağa hazır olmalıyıq”, - prezident məqaləsində xüsusilə vurğulayıb.
Məqaləsinin sonunda Tokayev xatırladıb ki, Qazaxıstanın digər ölkələrlə ərazi mübahisəsi yoxdur.